
Türkiyədə “Azərbaycan kino günləri” keçirilir. Turan Film Festivalı çərçivəsində təşkil edilən tədbirə İzmir şəhərinin Ege Universitetində baş tutan rəsmi açılış mərasimi ilə start verilib.
Primeinfo.az bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova istinadən xəbər verir.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kino Agentliyi və Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.
Layihə çərçivəsində yeni Azərbaycan filmləri Türkiyənin İzmir və Bursa şəhərlərində tamaşaçılara təqdim olunur.
Açılış mərasimində Türkiyənin Turan Film Festivalının baş koordinatoru, Ege Universitetinin prorektoru professor Mehmet Ersan çıxış edərək Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iki ölkə arasında mövcud qardaşlıq münasibətlərinin bütün sahələrlə yanaşı, mədəniyyət və incəsənətdə də özünü ən güclü şəkildə büruzə verdiyini vurğulayıb. Səfir, “Azərbaycan kino günləri”nin mədəniyyətimizin təbliği, filmlərimizin tanıdılması, eləcə də ölkəmizin tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildirib.
Kino Agentliyinin baş direktorunun köməkçisi Rüfət Qarazadə isə çıxışında “Azərbaycan kino günləri” və “Nargin: Sona qədər sirli” filmi haqqında danışıb. Qeyd olunub ki, nümayiş olunan yeni Azərbaycan filmləri milli kino məktəbinin müasir inkişafı, yaradıcı yanaşmaları və bədii-estetik axtarışlarını əks etdirir.
Tədbirdə İzmirdəki dövlət nümayəndələri, Ankaradakı səfirliyimizin, Azərbaycan Kino Agentliyinin, İzmir Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, yerli azərbaycanlılar, universitetin müəllim-tələbə heyəti iştirak edib.
Açılış günü “Nargin: Sona qədər sirli” filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Türkiyədə “Azərbaycan kino günləri” mayın 8-dək davam edəcək.

















