
“Cumanci” və “Top Qan: Meverik” kimi məşhur filmlərdəki rolları ilə tanınan ABŞ aktyoru Ceyms Hendi Los-Anceles şəhərində qətlə yetirilib.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 81 yaşlı sənətkarı 44 yaşlı ögey oğlu Maykl Qledhill öldürüb. O, Hendini sinəsindən yaraladıqdan dərhal sonra polisə zəng vuraraq cinayət törətdiyini etiraf edib.
“Mən bəşər övladıyam, indicə günahkar bir insanı öldürdüm”, – deyə Qledhill “911” xidmətinin dispetçerinə bildirib.
Cinayətdə şübhəli bilinən şəxs könüllü olaraq polisə təslim olub və əməlini etiraf edib. Məlum olub ki, o, mərhumun sevgilisi olan anası ilə birlikdə aktyorun evində yaşayırmış. Qətl ittihamı ilə həbs olunan Qledhill üçün məhkəmə tərəfindən 2 milyon dollar məbləğində girov müəyyən edilib.
Ceyms Hendi kino və televiziya sahəsində uzunmüddətli və uğurlu bir karyera qurub. O, “Top Qan: Meverik” ekran əsərindən əlavə, “Raketçi”, “Araxnofobiya”, “Loqan” və bir çox başqa filmlərdə də çəkilib.