
“Aishe” adı ilə tanınan türkiyəli reper Tuğçe Ayşe Güler vəfat edib.
Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Tuğçenin bacısı gənc reperin rəsmi sosial media hesabında paylaşım edib.
O, bacısının ölümünün səhlənkarlıq nəticəsində baş verdiyi iddia edib. Bacısının sözlərinə görə, Tuğçe Ayşe Güler əvvəlcə qulaq infeksiyası keçirib, daha sonra isə üz iflici yaşayıb. Əməliyyat olunan reperin vəziyyətinin yaxşı olduğu və evə buraxıldığı bildirilib. Lakin tətbiq edilən kortizon müalicəsinin damar iltihabı olan vasküliti artırdığı qeyd edilib.
Açıqlamada bildirilib ki, vəziyyəti yenidən ağırlaşan Tuğçe ikinci dəfə əməliyyata alınıb və bu zaman ürəyi dayanıb.
Tuğçenin bacısı paylaşımında bunları yazıb:
“Bacımın damar iltihabı getdikcə artdı. Təcili yardıma müraciət etdik, amma bunu yan təsir adlandırıb bizi geri göndərdilər. Yenidən vəziyyəti pisləşəndə xəstəxanaya yerləşdirildi, lakin 4 gün ərzində ona diaqnoz qoyulmadı və heç bir müalicə tətbiq edilmədi”.
O həmçinin bildirib ki, Tuğçenin Behçet xəstəliyindən (red. – ağız boşluğu və cinsiyyət orqanlarının selikli, gözün ağlı qişasının residiv verən xroniki xəstəliyi) əziyyət çəkə biləcəyini əvvəldən demələrinə baxmayaraq, həkimlər tərəfindən buna ciddi yanaşılmayıb:
“Bir həftə boyunca bizi sadəcə gözlətdilər. Romatologiya şöbəsi yalnız ölümündən bir gün əvvəl diaqnoz qoya bildi. Amma artıq çox gec idi. Bacım göz görə-görə səhlənkarlıq nəticəsində həyatını itirdi”.
