
Azərbaycan Milli Kino Günü münasibətilə “CineMastercard” premium kinoteatrlar şəbəkəsində “Tağıyev” filmləri həftəsi keçiriləcək.
Primeinfo.az xəbər verir ki, 2–9 avqust tarixlərində baş tutacaq nümayişlər zamanı tarixi kinolayihənin dörd tammetrajlı filmi böyük ekranda təqdim olunacaq.
Bakı Media Mərkəzi tərəfindən Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilən layihə görkəmli Azərbaycan xeyriyyəçisi, sənayeçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin həyatına, fəaliyyətinə və zəngin irsinə həsr olunub. Filmlərin çəkilişləri üçün XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Bakı şəhərinin tarixi məhəllələri yenidən qurulub, layihənin ərsəyə gəlməsində minlərlə mütəxəssis və kütləvi səhnə iştirakçısı yer alıb.
1 hissə: “Tağıyev: Neft” (2024) Hacı Zeynalabdin Tağıyevin sənayeçi kimi formalaşmasını, neft sənayesinin inkişafına verdiyi töhfələri və genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinin başlanğıcını əks etdirir.
2 hissə: “Tağıyev: Çar” (2025) tamaşaçıları 1888-ci ilə apararaq imperator III Aleksandrın Bakıya səfərini və Tağıyevin yerli əhalinin hüquqlarının müdafiəsi uğrunda mübarizəsini nümayiş etdirir.
3 hissə: “Tağıyev: Sona” (2025) filmi isə xeyriyyəçinin ailə həyatına, həyat yoldaşı Sona xanımla münasibətlərinə işıq salır.
4 hissə: “Tağıyev: Məktəb” (2026) 1901-ci ildə müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin açılmasından, bu tarixi təşəbbüsün həyata keçirilməsi naminə Hacı Zeynalabdin Tağıyevin qarşılaşdığı çətinliklərdən və onun maarifçilik ideallarına sadiqliyindən bəhs edir.
“Tağıyev” filmləri həftəsi tamaşaçılar üçün Milli Kino Gününü qeyd etməklə yanaşı, son illərin ən irimiqyaslı yerli kinolayihələrindən birini yenidən böyük ekranda izləmək və Azərbaycan tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətin həyat yoluna bir daha nəzər salmaq imkanı yaradacaq.
Seanslar haqqında ətraflı məlumat “CineMastercard”ın rəsmi saytı və mobil tətbiqində mövcuddur.