
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günü özəl təqdimatla yadda qalıb.
Primeinfo.az xəbər verir ki, iyulun 29-da axşam saatlarında açıq səma altında balet qala-konserti keçirilib. Məşhur balet ulduzlarının iştirakı ilə baş tutan bu unudulmaz gecə klassik balet sənətinin gözəlliyini və zərifliyini tamaşaçılara təqdim edib.
Qala-konserti rəsmi şəxslər, mədəniyyət xadimləri, sənətsevərlər və ictimaiyyət nümayəndələri izləyiblər.
Səhnəyə Azərbaycanın Əməkdar artisti, Mariinski Teatrının aparıcı solisti Timur Əsgərov və həmin teatrın aparıcı solisti Renata Şakirova, Bavariya Dövlət Baletinin solistləri Frederik Stukviş və Janna Qubanova, Rusiyanın Bolşoy Teatrının balet truppasının premyeri Artyom Ovçarenko və birinci solisti Anna Tixomirova, Vyana Dövlət Baletinin solistləri Alessandro Frola və Medison Yanq, Niderland Milli Baletinin solistləri Cessika Xuan və Vsevolod Maievskyi çıxıb.
Təxminən saatyarım davam edən qala-konsertdə dünyaşöhrətli bəstəkarların əsərləri səhnələşdirilib. Tamaşaçılar Lüdviq Minkusun “Don Kixot”, Sergey Prokofyevin “Romeo və Cülyetta”, Adolf Adanın “Jizel” və digər sevilən baletlərdən parçalar izləyib.
Dünyanın tanınmış balet artistlərinin ifasında təqdim olunan qala-konsert izləyicilərə unudulmaz sənət bayramı yaşadıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli AZƏRTAC-a açıqlamasında bildirib ki, festivalın əsas məqsədi maarifçilik missiyasını yerinə yetirmək və klassik musiqini daha geniş auditoriyaya tanıtmaqdır.
Onun sözlərinə görə, illər ərzində Vyetnam, Avstriya, Niderland, Almaniya və digər ölkələrdən musiqiçilər Qəbələyə gələrək festivalın iştirakçısı olublar.
Niderland Milli Baletinin baş rəqqası Cessika Şvan bildirib ki, Azərbaycanda ilk dəfədir musiqi festivalında iştirak edir. O qeyd edib ki, Qəbələdə çıxış etmək və dünyaşöhrətli balet ulduzları ilə eyni səhnəni bölüşmək onun üçün böyük şərəfdir.
“XV Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etməkdən qürur duyuram. Bu möhtəşəm festivala dəvət olunduğum üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm”, – deyə baş rəqqas əlavə edib.
Niderland Milli Baletinin solisti Vsevolod Maievskyi bildirib ki, bu onun Azərbaycana ilk səfəridir və XV Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etməkdən məmnundur.
O, festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirərək deyib: “Dağlarla əhatə olunan bu möhtəşəm məkan, səhnə, sənətçilər və ümumilikdə yaradılan ab-hava valehedicidir. Burada olduğum üçün özümü çox xoşbəxt hiss edirəm”.
Festivalda iştirak edən gənc balerina Günel Əliyeva isə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının onun üçün böyük sənət təcrübəsi olduğunu bildirib. O qeyd edib ki, festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn balet sənətçiləri ilə eyni səhnəni bölüşmək, onların ifa üslubunu yaxından izləmək gənc baletçilər üçün mühüm imkan yaradır. Onun sözlərinə görə, bu cür beynəlxalq layihələr gənc istedadların inkişafına, yeni bilik və bacarıqlar əldə etməsinə şərait yaradır.
Festivalın növbəti günü tamaşaçılara Vyetnamdan gələn “Bronze drum” Ansamblının ifasında “Vyetnamın milli vokal janrlarına İntroduksiya” proqramı, həmin günün gecəsi isə Özbəkistandan “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistlərinin çıxışları və “Bek” Doyraçılar Ansamblının ifası təqdim olunacaq.
İyulun 31-də Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mehmandarovun dirijorluğu ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti olacaq. Konsertdə Xalq artisti Teyyub Aslanov (xanəndə), həmçinin Dəyanət Məmmədov (tenor), Fərid Abdullayev (tar), Gülnaz Talıbova (soprano), Xatirə Hacıyeva (soprano), Müslüm Müslümzadə (xanəndə), Rəvanə Ağamirova (soprano), Samid Xudarlı (tenor), Sara Hüseynova (soprano), Səbinə Əsgərova (soprano), Səməd Novruzov (tenor) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini təqdim edəcəklər.
Həmin günün axşamı isə Qəbələ muğamsevərləri bir araya gətirəcək. Konsertdə sevilən xanəndələr – Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Təyyar Bayramov, muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva çıxış edəcək.
Festivalın 4-cü günü – avqustun 1-də avstriyalı pianoçu Aleksandr Maria Vaqner və Vyetnamda klassik musiqi və piano sənətinin tanınmış simalarından biri olan Luong To Nhu “Kamera musiqi axşamı”nda çıxış edəcəklər.
Həmin gecənin daha bir özəlliyi – “Dünya kinofilmlərindən sevilən musiqi parçaları” adlı konsert proqramıdır. Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə “Scorrendo” Orkestri “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Xaç atası”, “Görüş”, “Cangüdən“, “Şindlerin siyahısı”, “Ceyms Bond” və digər filmlərdən musiqiləri ifa edəcək.
Avqustun 2-də isə səhnə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Gənc musiqiçilərin təqdim edəcəyi konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Həmin gün tamaşaçılar qarşısında Yuri Bivolun baş baletmeysteri olduğu Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və Moldovanın “Millenium” etnoestrada qrupu da çıxış edəcək.
Beynəlxalq Musiqi Festivalına avqustun 3-də Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekun vurulacaq. Konsertdə Xalq artistləri Azər Zeynalov (tenor), Samir Cəfərov (tenor), Əməkdar artist Elnarə Məmmədova (soprano), həmçinin Lalə Mürşüdlü (soprano) çıxış edəcək.
2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.
Festival yay fəsli ilə yanaşı, artıq iki ildir ki, qış mövsümündə də “Qış nağılı” adı ilə təşkil edilir.






















































