
Azərbaycan ədəbiyyatı ilk dəfə Meksikanın nüfuzlu kitab sərgisində təmsil olunacaq
Primeinfo.az xəbər verir ki, bu barədə publisist Şamil Sadiq sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu gün Altun Nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə Meksikanın Azərbaycandakı səfiri xanım Maria Victoria Romero ilə görüş olub.
“Görüşümüzün əsas məqsədi Meksikada keçirilən, ispandilli dünyanın ən böyük kitab sərgilərindən biri olan Qvadalaxara Beynəlxalq Kitab Sərgisində iştirakımızla bağlı hazırlıq məsələlərini müzakirə etmək idi. Səfirlikdə viza prosedurlarımızı tamamladıq, eyni zamanda qarşıdakı səfərimizin proqramı, Meksikanın tarixi-mədəni məkanları və ölkəni daha yaxından tanımaq imkanları barədə fikir mübadiləsi apardıq. Bu səfərin bizim üçün xüsusi əhəmiyyəti var.”
O qeyd edib ki, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri olaraq və Assosiasiyanın İdarə Heyətinin üzvü Rəhim İsmayılov ilk dəfə olaraq ölkəmizi bu mötəbər kitab sərgisində təmsil edəcəklər.
“Məqsədimiz yalnız sərgidə iştirak etmək deyil. Azərbaycan ədəbiyyatını, nəşriyyat işimizi və mədəniyyətimizi Latın Amerikası oxucusuna tanıtmaq, Meksikanın zəngin ədəbi və mədəni mühiti ilə yaxından tanış olmaq, yerli və beynəlxalq nəşriyyatlarla yeni əməkdaşlıq əlaqələri qurmaqdır.
İnanıram ki, Qvadalaxaraya aparan bu yol Azərbaycan kitabının ispandilli dünyaya açılması üçün yeni əlaqələrin başlanğıcı olacaq.
Səmimi qəbula və dəyərli tövsiyələrə görə Meksikanın Azərbaycandakı səfiri xanım Maria Victoria Romeroya təşəkkür edirik.
Qarşıda Meksika, Qvadalaxara və Azərbaycan kitabı üçün yeni bir coğrafiya var!”