Xəbər axtarın

Son axtarış nəticələri:

“Avtomobilsiz gün” təşkil olunacaq - AYNA - FOTO

15.09.2026 21:35

“Avtomobilsiz gün” təşkil olunacaq - AYNA - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə 16–22 sentyabr 2026-cı il tarixlərində davamlı hərəkətliliyin təşviqinə dair silsilə tədbirlər keçiriləcək.

Primeinfo.az xəbər verir ki, tədbirlər çərçivəsində orta və ali təhsil müəssisələrində şagird və tələbələr üçün interaktiv maarifləndirmə sessiyaları təşkil olunacaq, təhlükəsiz velosiped və skuter sürmə qaydaları ilə bağlı praktiki təlimlər keçiriləcək.

Velosiped sürmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə əhali arasında da təlimlərin keçirilməsi nəzərdə tutulur. Peşəkar təlimçilər tərəfindən təşkil olunacaq praktiki dərslər zamanı iştirakçılara qaydalara uyğun sürüş, yol hərəkətinin digər iştirakçılarına, xüsusilə piyadalara hörmət və təhlükəsiz davranış qaydaları izah ediləcək.

“Avropa Mobillik Həftəsi” çərçivəsində hər yaşdan olan həvəskar və peşəkarların iştirakı ilə genişmiqyaslı veloyürüş də nəzərdə tutulub.

Həftənin əsas tədbirlərindən biri isə sentyabrın 20-də baş tutacaq “Avtomobilsiz Gün” olacaq. Həmin gün saat 10:00-dan 20:00-dək Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi nəqliyyat üçün bağlanacaq. Ərazidə gün ərzində sakinlərin iştirakı ilə müxtəlif tədbirlər təşkil olunacaq.

“Avtomobilsiz Gün” çərçivəsində yaradılacaq mikromobillik zonasında operatorlar tərəfindən müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, iştirakçılara test sürüşləri və təhlükəsiz idarəetmə üzrə təlimlər keçiriləcək. Uşaqlar üçün ustad dərsləri, böyüklər üçün isə əyləncəli və interaktiv oyunlar təşkil olunacaq.

Bununla yanaşı, “Mobillik Dialoqu” panel müzakirəsində dövlət qurumlarının nümayəndələri, mütəxəssislər və özəl sektor təmsilçiləri paytaxtda mikromobillik infrastrukturunun inkişaf perspektivlərini və şəhər mobilliyinin gələcəyini müzakirə edəcəklər.

AYNA tərəfindən “Avropa Mobillik Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi şəhər mobilliyində alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi ilə bağlı məlumatlılığın artırılması və daha rahat, təhlükəsiz və dayanıqlı hərəkətlilik imkanlarının təşviqidir.

Paylaş: