
Azərbaycan və Türkiyə arasında Azərbaycan-Türkiyə 5-ci Enerji Forumuna dair protokol imzalanıb.
Primeinfo.az xəbər verir ki, sənədi Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib. Forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələr aparılıb.
Xatırladaq ki, ilk Forum 2021-ci il dekabrın 21-22-də Bakıda, 2-ci Forum 2022-ci il oktyabrın 5-6-da İstanbulda, 3-cü Forum 2023-cü il sentyabrın 28-29-da Naxçıvanda, 4-cü Forum isə 2025-ci il sentyabrın 4-də İzmirdə keçirilib.
***
13:20
Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə 6 İşçi Qrupunun iclası keçirilib.
Primeinfo.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə İşçi qruplarının rəhbərlərinin məruzələri dinlənilib.
Karbohidrogenlər sahəsində mövcud və perspektiv layihələr, təbii qaz tədarükü, qaz infrastrukturu və rəqəmsallaşma üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Elektrik enerjisi bazarının tənzimlənməsi, interkonnektor bağlantıları, bərpa olunan enerjinin dəstəklənməsi, enerji saxlancı, ağıllı sayğaclar və “Sərhəddə Karbon Tənzimləmə Mexanizmi” üzrə əməkdaşlığın və təcrübə mübadiləsinin davam etdirilməsi razılaşdırılıb. Həmçinin yaşıl enerji ixracı və qaz sektorunda islahatlar üzrə tənzimləyici mexanizmlərinin inkişaf etdirilməsi kimi əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Dənizdə külək enerjisi, bərpa olunan enerji layihələri üzrə investisiya və icazə prosedurları, aktiv istehlakçı modeli, günəş və külək layihələri, kadr potensialının gücləndirilməsi, eləcə də bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası ilə bağlı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi qərara alınıb.
Enerji səmərəliliyi sahəsində əməkdaşlıq çərçivəsində məcburi enerji auditi subyektlərində enerji istehlakının monitorinqi, ESCO bazarının inkişafı, enerji menecerləri və layihə ekspertlərinin hazırlanması, binaların enerji pasportlaşdırılması təcrübəsinin tətbiqi, enerji səmərəliliyinin maliyyələşdirilməsi və dəstək mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin emissiyaların hesablanması və proseslərin rəqəmsallaşdırılması ilə əlaqədar fəaliyyətlərin həyata keçirilməsi barədə razılıq əldə edilib.


