
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiətilə Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.
Primeinfo.az xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir.
Diplomatik korpusun nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinə baxış keçiriblər.
Beşmərtəbəli kompleksin ərazisində iki dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur. Yeni kompleks şəhər mərkəzindən 4 kilometr məsafədə yerləşir. Bu infrastrukturun gələcəkdə Xankəndi sakinlərinin ictimai nəqliyyatdan daha rahat istifadəsinə imkan verəcəyi gözlənilir.
Diplomatik korpusun nümayəndələrinə məlumat verilib ki, Ağdam–Xankəndi dəmir yolu xətti Bərdə–Ağdam dəmir yolunun davamıdır və uzunluğu 28 kilometrdir. Xətt boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi dəmir yolu və avtovağzal kompleksinin, eləcə də digər zəruri infrastrukturun yaradılması planlaşdırılır. Dəmir yolu xətti üzrə layihələndirmə işləri başa çatdırılıb və layihənin 2025–2026-cı illərdə həyata keçirilməsi nəzərdə tutulub.
İkigünlük səfər çərçivəsində diplomatlar Xankəndi ilə yanaşı, Şuşa, Ağdərə və Kəlbəcərə də gedəcəklər. Onlar azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, yeni sosial və iqtisadi infrastruktur layihələri, həmçinin tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən tədbirlərlə yerində tanış olacaqlar.
***
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkına gəliblər.
Xarici nümayəndələr Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə yaxından tanış olublar.
Bildirilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.
Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.
Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub.
Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib.
Sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinin mərkəzi meydanına gələrək burada piyada gəzinti edib, şəhərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıblar. Xankəndi stadionu ilə tanış olan diplomatik korpusun nümayəndələrinə şəhərdə infrastrukturun yenidən qurulması, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də ətraflı məlumat verilib.
***
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində olublar.
Mədəniyyət Mərkəzində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərdə aparılan genişmiqyaslı yenidənqurma və tikinti işləri barədə məlumat verib. Qeyd edib ki, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar.
“Bu gün Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır”, – deyə xüsusi nümayəndə qeyd edib.
E.Yusubov diplomatik korpusun nümayəndələrinin şəhərdə aparılan işlər və əldə olunan yeniliklərlə yerində tanış olacaqlarını bildirib.
Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, Xankəndinin yeni Baş Planına uyğun olaraq yararsız tikililərin sökülməsi prosesi intensivləşib. Sökülən tikililərin yerində müasir tələblərə cavab verən yaşayış binalarının və yaşayış məhəllələrinin inşası ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Yaxın vaxtlarda şəhərdə müasir tikililərin inşasının şahidi olmaq mümkün olacaq.
Prezidentin xüsusi nümayəndəsi, həmçinin Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisinin regionun mühüm infrastruktur layihələrindən biri olduğunu vurğulayıb.
Artıq 40 mindən çox keçmiş azərbaycanlı məcburi köçkün Qarabağa qayıdıb və daha çoxu da qayıdacaq. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Mədəniyyət Mərkəzindəki çıxışı zamanı bu barədə danışıb. Bildirib ki, 2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib.
H.Hacıyev vurğulayıb ki, hazırda Qarabağda təxminən 100 min mülki şəxs yaşayır, işləyir və təhsil alır.
“Bu da Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində topladığı unikal bir təcrübədir. Hesab edirik ki, Azərbaycanın təcrübəsi münaqişələrdən və müharibələrdən əziyyət çəkən dünyanın digər hissələrində də tətbiq üçün faydalı ola bilər”, – deyə Prezidentin köməkçisi əlavə edib.
H.Hacıyev mina probleminə də toxunub: “Əlbəttə ki, bu, bizim bərpa və yenidənqurma səylərimizə mane olur, lakin bizim ən qısa zamanda bərpa və yenidənqurma işlərini təmin etmək, keçmiş məcburi köçkünlərimizin ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək əzmimizi və qətiyyətimizi sarsıda bilməz”.
H.Hacıyev çıxışında 25 il əvvəl bu gün, sentyabrın 11-də Nyu-York şəhərində Amerika Birləşmiş Ştatlarına qarşı dəhşətli və amansız bir terror aktının törədildiyini xatırladıb. Azərbaycanın da, xüsusilə 90-cı illərin əvvəllərində terrordan əziyyət çəkmiş bir ölkə olduğunu qeyd edib.
Prezidentin köməkçisi işğal illəri ərzində Azərbaycanın mədəni irsinin dağıntılara məruz qaldığını xatırladıaraq bu irsin bərpası və qorunması üçün əlavə səylər göstərildiyini də qeyd edib.
Ermənistanla sülh prosesi barədə də danışan Hikmət Hacıyev bildirib ki, biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan üçün münaqişə bitib. Anladıq ki, sülh reallıqları altında yaşamaq çox böyük hissdir. Azərbaycan regionumuzda davamlı sülhün bərqərar olması və daha da möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək”, – deyə Prezidentin köməkçisi əlavə edib.
Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşünə də diqqət çəkən H.Hacıyev Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüşün çox konstruktiv mühitdə keçdiyini qeyd edib.
Sonda diplomatik korpusun nümayəndələrinə Mədəniyyət Mərkəzi barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.
Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
***
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri sentyabrın 11-də Xankəndi tikiş fabrikində olublar.
Diplomatlara müəssisə barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə Prezidentlərinin tapşırıqları əsasında həyata keçirilib.
Azərbaycan-Özbəkistan birgə müəssisəsi ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, iki ölkə arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
Layihənin ilkin investisiya dəyəri 6 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə yerli, eləcə də, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir.






























































