
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib.
Primeinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini bu məqsədlə yaradılmış xüsusi sayt vasitəsilə təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın layihəni rahat oxuya və təkliflərini təqdim edə bilməsi üçün yaradılıb”, – deyə baş nazir qeyd edib.
Layihənin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb.
N.Paşinyan hökumətin iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edərək, onun rədd ediləcəyi təqdirdə, istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağını bildirib.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.