
2026-cı il mayın 16-da Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində Azərbaycan-Türkmənistan QHT-lərinin I Əməkdaşlıq Forumu baş tutub. Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən toplantıda spikerlər Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İctimai Birliyinin sədri Aynur İbrahimova, “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli, Türkmənistandakı CAREC Layihə Ofisinin direktoru Mergen Kepbanov, “Tebigy Kuwwat” İctimai Birliyinin rəhbəri Berkeli Atayev, “Taze Zaman” İctimai Birliyinin rəhbəri Mubarak Qurbanov olublar. Forumun moderatoru “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov olub.
Primeinfo.az xəbər verir ki, toplantıda çıxış edən Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İB-nin sədri Aynur İbrahimova türk topluluqlarının şəhərləşmə kültürü haqqında danışıb: “Şəhərləşmə qaçılmaz inkişaf prosesidir. Lakin bu inkişaf milli-mədəni kimliyin zəifləməsi hesabına baş verməməlidir. Milli kimliyin qorunmasının əsas yolu qeyri-maddi mədəni irsin yaşadılması, rəqəmsallaşdırılması, gənc nəslə ötürülməsi və Türk Dünyasının ortaq mədəni dəyərləri ətrafında əməkdaşlığın gücləndirilməsidir. Güclü şəhərlər yalnız müasir infrastrukturu ilə deyil, yaşatdığı milli ruh, mədəni yaddaş və mənəvi dəyərləri ilə fərqlənir”.