
Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxalı əvəzetmə siyasətinin dəstəklənməsi məqsədilə buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar üzrə istehsal potensialının artırılması, məhsuldarlığın yüksəldilməsi, intensiv istehsal üsullarının tətbiqi və dövlət dəstəyi mexanizmlərinin nəticəyönümlü şəkildə təkmilləşdirilməsi təmin edilməlidir.
Primeinfo.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ixracyönümlü məhsullar üzrə əlavə dəyərin artırılması və özəl investisiyaların təşviqi məqsədilə meyvəçilik, tərəvəzçilik, fındıqçılıq, pambıqçılıq və digər rəqabət üstünlüyünə malik sahələrdə emal sənayesinin inkişafı, intensiv istehsal texnologiyalarının tətbiqi, soyuducu anbar və logistika infrastrukturunun genişləndirilməsi, məhsulların beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması, yeni ixrac bazarlarının şaxələndirilməsi və yerli, eləcə də xarici investorların bu sahələrə cəlb edilməsini stimullaşdıran təşviq mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilməlidir.
Qeyd edilib ki, torpaq və su resurslarından səmərəli istifadənin artırılması məqsədilə torpaq sahələrinin aqrokimyəvi xüsusiyyətləri əsasında məhsul təkmilləşdirilməli, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilməli, torpaq məlumat bazaları formalaşdırılmalı və rəqəmsal texnologiyalardan istifadə etməklə məhsuldarlığın artırılması istiqamətində tədbirlər gücləndirilməlidir.
Bildirilib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) funksionallığı genişləndirilməli, subsidiya alan təsərrüfatlar üzrə əkin sahələri, istehsal həcmi, məhsuldarlıq, heyvan sayı, satış və digər nəticə göstəriciləri vahid platformada izlənilməli, aidiyyəti dövlət qurumlarının informasiya sistemləri ilə məlumat inteqrasiyası gücləndirilməlidir.
Məlumata əsasən, aqrar sahədə faktiki ödənilən subsidiya və güzəştlərin ölkədə ərzaq təhlükəsizliyinə, ixrac potensialına və gəlirliliyə təsiri ətraflı təhlil edilməli, iqtisadi cəhətdən səmərəsiz hesab olunan subsidiya növləri və məbləğləri mərhələli qaydada azaldılmalı, nəticədə sərbəstləşəcək büdcə vəsaitləri daha səmərəli subsidiya növlərinə yönəldilməlidir.
İstehsal və məhsuldarlıq üzrə əvvəlki illərin faktiki göstəriciləri ətraflı təhlil edilməli, ortamüddətli dövr üçün strateji hədəflər müəyyən edilməli, bir sıra məhsul növləri üzrə subsidiyaların verilməsi davamlı deyil, müəyyən olunmuş dövrü əhatə edəcək qaydada təşkil edilməli, eləcə də dövlət büdcəsinin imkanları nəzərə alınmaqla subsidiyaların həcmi və nəticəlilik meyarı, o cümlədən bitkiçilik və heyvandarlıq sahələrində məhsuldarlığa, həmin subsidiyalardan istifadənin fermerlərin gəlirlərinə, məşğulluğa, ərzaq təhlükəsizliyinə, ixrac potensialına, habelə dövlət büdcəsinin gəlir və xərclərinə təsiri aidiyyəti qurumlar tərəfindən ətraflı təhlil edilməlidir.