
AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a verilən məlumata görə, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
Görülən işlər çərçivəsində Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. Bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib.
Ərazidə müvafiq yol nişanları quraşdırılıb. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.
Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.











