
“Tatarıstanın Nijnekamsk şəhəri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Moskva Ukraynada apardığı müharibəni artıq Tatarıstana da gətirib”.
Primeinfo.az xəbər verir ki, bu barədə Tatarıstanın Müstəqillik Komitəsinin yaydığı bəyanatda bildirilib.
“Tatarıstan sakinlərinə müraciət edərək bildiririk ki, 2022-ci il fevralın 22-dək ukraynalılar da dünyanın digər ölkələrində yaşayan adi insanlar kimi yay, növbəti ay, həftə və gün üçün planlar qururdular. Lakin Rusiya genişmiqyaslı müharibəyə başladı və milyonlarla insanın planları bir gündə alt-üst oldu.
Müharibə həmişə insanların həyatının dağıdılması, qorxu, ölüm və dinc gələcəyin məhv olması deməkdir. Vladimir Putin və onun tərəfdaşları bu müharibənin Tatarıstana da gəlməsinə səbəb olurlar”, – deyə bəyanatda qeyd edilib.
Komitə Tatarıstan sakinlərə sual verib: “Xüsusi hərbi əməliyyat”ın başlanmasından sonra kimin həyatı daha təhlükəsiz və ya yaxşı olub? Tatarıstan sakinləri üçün hansı perspektivlər yaranıb? Onlar gündəlik həyatlarında hansı problemlərlə üzləşməyə başlayıblar?”

Bəyanatda qeyd olunub ki, Moskvanın NATO-nun Rusiyaya hücumunun qarşısını almaq zərurəti ilə əsaslandırdığı müharibə, əksinə, münaqişəni daha da alovlandırıb və onun nəticələri Rusiyanın müxtəlif bölgələrində hiss olunur:
“Gələcəyin əvəzinə minlərlə ölüm, azadlığın əvəzinə repressiyaların güclənməsi, təhlükəsizliyin əvəzinə artan hərbi təhdid, iqtisadi sabitliyin əvəzinə inflyasiya və iqtisadi vəziyyətin pisləşməsi – bunlar Rusiyanın bu imperiya müharibəsinin bu günə olan nəticələridir”.
Komitə hesab edir ki, Moskva genişmiqyaslı müharibəni Rusiya ərazisinə, o cümlədən Tatarıstana gətirmək üçün bütün imkanlardan istifadə edir.
Bəyanatda hadisələrə görə əsas məsuliyyətin Ukraynaya qarşı genişmiqyaslı işğal qərarı verən və müharibəni davam etdirən Rusiya rəhbərliyinin, o cümlədən Vladimir Putinin üzərinə düşdüyü bildirilib.
Eyni zamanda Tatarıstan rəhbərliyi də tənqid olunub. Komitə respublika hakimiyyətini Ukraynaya qarşı müharibəni dəstəkləməkdə, “Alqa” və “Timer” batalyonlarının yaradılmasında iştirak etməkdə və bununla yanaşı, əhalinin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edib.
Bəyanatda Tatarıstan rəhbərliyinin hava hücumundan müdafiə, xəbərdarlıq sirenləri və sığınacaqlar kimi elementar təhlükəsizlik tədbirlərini təmin edə bilmədiyi iddia olunub.
Komitə müharibəni dəstəkləyən şəxslərə də müraciət edərək bildirib ki, onların dəstəklədiyi müharibə artıq Tatarıstan ərazisində də hiss olunur.
Bəyanatda Tatarıstanın gələcəyinin Moskva və Kreml tərəfindən müəyyən edilməməli olduğu vurğulanıb.
Tatarıstanın Müstəqillik Komitəsi Nijnekamska hücum nəticəsində ölən və yaralananların ailələrinə başsağlığı verib.
Komitə bildirib ki, Tatarıstanda sülh və təhlükəsizliyin təmin olunmasının Ukraynada başlanan müharibənin dayandırılmasından və Tatarıstan xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququndan keçdiyini hesab edir.