
“Bu gün Krımın işğalının artıq 4599-cu günüdür. Düşünürəm ki, həm Ukrayna rəhbərliyinin, həm də bütün dünya ictimaiyyətinin fəaliyyəti daha qətiyyətli və düşünülmüş olsaydı, bu rəqəm dördrəqəmli olmazdı və işğal 12 il əvvəl başa çatardı”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı, Krım türklərinin lideri Mustafa Cəmiloğlu bildirib.
O, Nyu-Yorkda keçirilən Beynəlxalq Krım Platformasının VI Sammitində çıxışı zamanı Krımın Rusiya tərəfindən işğalının uzun müddət davam etməsinin səbəblərindən danışıb.
M.Cəmiloğlunun sözlərinə görə, Krımın işğalının bu qədər uzun çəkməsinin səbəblərindən biri 2014-cü ildə Rusiyanın müdaxiləsinə kifayət qədər qətiyyətli reaksiya verilməməsidir.
O xatırladıb ki, işğalın ilk günlərindən Krım tatarlarının nümayəndələri Ukrayna rəhbərliyi, tərəfdaş ölkələrin səfirlikləri və beynəlxalq təşkilatlarla daim əlaqə saxlayıb və Rusiyanın müdaxiləsinə qarşı qətiyyətli addımlar atılacağını gözləyiblər:
“Biz ölkəmizin rəhbərliyindən və müttəfiqlərimizdən işğalçılara qarşı qətiyyətli addımlar gözləyirdik. Bu cür reaksiyanın olmaması Krımdan kənarda da ciddi nəticələrə səbəb olub. Ukrayna rəhbərliyinin və Qərb müttəfiqlərimizin belə mövqeyi Putini Ukrayna ərazisində yeni əraziləri ələ keçirməyə çox ruhlandırdı”.
