Xəbər axtarın

Son axtarış nəticələri:

Pərviz Şahbazov COP31-də: Külək enerjisinə investisiyalar - FOTO

10.11.2026 11:04

Pərviz Şahbazov COP31-də: Külək enerjisinə investisiyalar - FOTO

Energetika naziri Pərviz Şahbazov COP31 çərçivəsində Türkiyə Respublikasının
Enerji və Təbii Sərvətlər Nazirliyinin himayəsi və dəstəyi ilə Türkiyə Külək Enerjisi
Assosiasiyası (TÜREB) və Qlobal Külək Enerjisi Şurasının (GWEC) təşkil etdiyi “Külək enerjisinə investisiyaların sürətləndirilməsi: COP31 öhdəliklərindən tərəfdaşlıqlara” mövzusunda Nazirlər və İnvestorların Plenar İclasında əsas məruzəçi kimi çıxış edib.

Primeinfo.az-a bu barədə Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, nazir artan elektrik enerjisi tələbatının etibarlı və münasib qiymətli enerji ilə
qarşılanmasında, eləcə də emissiyaların azaldılmasında külək enerjisinin əhəmiyyətini
vurğulayıb. Bu sahəyə investisiyaların cəlbi üçün uzunmüddətli enerji alışı
müqavilələrinin və investorlar üçün etimad mühitinin vacibliyi qeyd olunub. Bildirilib ki,
hazırda bərpa olunan enerji üzrə ümumi qoyuluş gücündə külək enerjisi 14,3 faiz paya
malikdir.

Azərbaycanda bərpa olunan enerjinin ümumi elektrik enerjisi qoyuluş gücündə
payının 2035-ci ilədək 43 faizə çatdırılmasına quru və dəniz külək elektrik stansiyaları
mühüm töhfə verəcək. Xəzərin Azərbaycana mənsub hissəsinin 157 QVt-lıq külək
enerjisi potensialından bəhs edən nazir dəniz külək layihələri üçün ərazilərin
müəyyənləşdirildiyini, hüquqi bazanın yaradıldığını və 4 QVt-dan çox gücdə layihələrin
planlaşdırıldığını bildirib.

Qeyd olunub ki, külək enerjisi “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvan vasitəsilə
“Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl
enerji dəhlizlərinin əsas mənbələrindən biri olacaq. Transxəzər dəhlizi isə Qazaxıstan
və Özbəkistanın külək enerjisinin Azərbaycan vasitəsilə daha geniş bazarlara
çatdırılmasına imkan yaradacaq. Beynəlxalq maliyyə institutlarını, investorları və
şirkətləri əməkdaşlığa dəvət edən nazir Pərviz Şahbazov deyib ki, Azərbaycan bu
istiqamətdə tərəfdaşları ilə işləməyə hazırdır.

Tədbirdə Türkiyənin “Yaşıl Vətən Səfərbərliyi” layihəsi çərçivəsində energetika
naziri Pərviz Şahbazovun adından ağac tinginin əkilməsinə görə təşəkkür sertifikatı
təqdim olunub.

 

Paylaş: