
Şamaxı şəhərində vətəndaşın döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan müraciət polis tərəfindən araşdırılır.
Primeinfo.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı müvafiq qaydada qeydiyyat aparılıb, hadisənin bütün təfərrüatının, o cümlədən tərəflər arasında baş vermiş münaqişənin səbəblərinin və iştirakçıların hərəkətlərinin müəyyən edilməsi məqsədilə zəruri prosessual tədbirlər həyata keçirilir.
“Vətəndaşın bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırma zamanı hadisədə iştirak edən şəxslərin sərxoş vəziyyətdə avtomobil idarə etməsi və səsləndirilən digər iddialara da aydınlıq gətiriləcək”, – deyə məlumatda bildirilir.
***
Şamaxıda yaşayan 18 yaşlı tələbə iki nəfər tərəfindən vəhşicəsinə döyülüb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Hacıqabul sakini olduğunu bildirən Qoçəli Zaidovun sözlərinə görə, hadisə noyabrın 6-da saat 17 radələrində işlədiyi dönərxananın yaxınlığında baş verib. Gənc iddia edib ki, həmin vaxt Süleyman adlı şəxs və onun qaynı, maşın ustası kimi tanıdığı Fazil adlı şəxs sərxoş vəziyyətdə ona hücum edib, sonra isə avtomobillə ərazidən uzaqlaşıblar.
Q.Zaidov onu döydüyünü iddia etdiyi şəxslərin 30-35 yaşlarında olduğunu və aralarında daha əvvəl heç bir mübahisə və ya münaqişə yaşanmadığını vurğulayıb.
