Macarıstanın Dövlət Məclisinə (birpalatalı parlament) parlament seçkilərində səsvermə başlayıb.
Primeinfo.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 06:00-da başlayıb, seçki məntəqələri saat 19:00-dək açıq olacaq.
Seçkilərdə 199 deputat yeri uğrunda mübarizə gedir. Onlardan 93-ü partiya siyahıları üzrə, 106-sı isə birmandatlı dairələr üzrə bölüşdürülüb. Hakim koalisiya — “FİDES – Macarıstan Vətəndaş İttifaqı” və onun kiçik tərəfdaşı olan Xristian-Demokrat Xalq Partiyası (XDXP) müxalif “Tisa” Partiyası ilə rəqabət aparır. FİDES-ə Baş nazir Viktor Orban, “Tisa”ya isə keçmiş hökumət rəsmisi və Avropa Parlamentinin üzvü Peter Madyar rəhbərlik edir.
Digər partiyalar arasında yalnız Laslo Torotskainin rəhbərlik etdiyi radikal sağçı “Bizim Vətən” Partiyasının 5 faizlik baryeri keçərək parlamentə düşə biləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2022-ci ildə keçirilmiş əvvəlki seçkilərin nəticələrinə əsasən, FİDES və XDXP ittifaqı parlamentdə 135 mandatla konstitusion çoxluq əldə etmişdi.
