Xəbər axtarın

Son axtarış nəticələri:

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNİB

18.06.2026 15:15

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNİB

İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.

Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə birgə foto çəkdirildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra “Qurani-Kərim”dən ayə oxundu.

Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olundu.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-İslam İnkişaf Bankı Qrupunun hörmətli cənab sədri.

Əziz qonaqlar, xanımlar və cənablar.

Mən İllik Toplantının bütün iştirakçılarını salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Qrupa, onun sədrinə və bütün heyətə Azərbaycanı İllik Toplantıya ev sahibliyi edən ölkə kimi seçdiklərinə görə olduqca minnətdaram. Bu, bizim üçün böyük şərəfdir və aramızda güclü əlaqələrin olmasını bir daha göstərir. Mən Azərbaycanda islahatlara verdiyi davamlı dəstəyə, Bankın gələcəyə doğru irəliləməsində planlarına və ölkəmizə səmimi münasibətinə görə cənab sədr doktor Əl-Casirə şəxsən təşəkkürümü bildirmək istərdim.

Doktor Əl-Casir artıq Azərbaycana dəfələrlə səfər edib və həmçinin azad edilmiş ərazilərdə iki dəfə səfərdə olub. Bu isə hamımızda xüsusi məmnunluq yaradır.

Bildiyiniz kimi, Azərbaycan ikinci dəfədir ki, İllik Toplantıya ev sahibliyi edir və bu, həmçinin sıx əlaqələrimizi, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərir. 2010-cu ili çox yaxşı xatırlayıram. O vaxt biz ilk dəfə toplantıya ev sahibliyi edən ölkə idik.

Həmin İllik Toplantı Qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanın həyata keçirdiyi islahatlara, enerji sektorundan asılılığı azaltmağa güclü təkan verdi. O vaxtdan etibarən Azərbaycanda və ətrafda çox dəyişikliklər baş verdi. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı oldu.

Bu, milli maraqlara əsaslanan, qlobal səhnədə bütün iştirakçılarla yaxşı münasibətlərin qurulmasına, uğurlu inkişafımıza qəti sadiqliyimizə söykənən siyasətimizin təzahürüdür. Uğurlu inkişaf bir çox meyara əsaslanır. Azərbaycan cəmi 35 ildir ki, müstəqildir. Müharibə, işğal, humanitar fəlakət, vətəndaş müharibəsi və digər çətinliklərlə səciyyələnən ilk iki ili istisna etməklə, qalan dövr ölkənin sabit inkişafı ilə yadda qaldı. Bu isə hər hansı ölkənin uğuru üçün əsas ilkin şərtlərdən biridir. Sabitlik pozulduqda biz inkişaf haqqında heç danışa bilmərik. Beləliklə, sabitlik, – yəni bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik, – nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir. Çünki Azərbaycan regional və qlobal səviyyədə güclü əlaqələr sayəsində bir çox aspektlərdə artıq mühüm iştirakçıya çevrilib.

Müstəqil xarici siyasətimiz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazanıb. Dostlarımızın sayı ilbəil artır. Beynəlxalq ictimaiyyətin verdiyi dəstək çox nümunəvi anlarda öz əksini tapır. Məsələn, namizədliyimiz müxtəlif təsisatlar üçün namizədlər siyahısında var idi və biz tam mütləq dəstəyi qazandıq. Bu hal bir neçə il əvvəl BMT-nin Təhlükəsizlik Şurasına namizəd olduğumuz zaman müşahidə edildi. O vaxt biz 155 ölkənin dəstəyini qazandıq.

Bu hal 120 ölkədən ibarət və BMT-dən sonra ikinci ən böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatının sədrliyinə namizəd olduğumuz zaman özünü büruzə verdi. Biz yekdilliklə seçildik və nəinki seçildik, sonradan sədrliyimiz müddəti yekdilliklə uzadıldı. Bütövlükdə, bu, beynəlxalq dəstəyin təzahürü idi. Bəzən “beynəlxalq ictimaiyyət” sözünü eşitdikdə bəziləri düşünür ki, o, inkişaf etmiş ölkələrdən ibarət bir məhdud qrupdur və əgər belə demək olarsa, bu adı özünə seçən ölkələr tərəfindən belə yanaşılır. Lakin bu, yanlış yanaşmadır.

Beynəlxalq ictimaiyyət bütün dünyadan, BMT-yə üzv olan ölkələrdən ibarətdir. Dünyanın tam mütləq əksəriyyətinin dəstəyini qazanmaq, artıq söylədiyim kimi, həqiqətən, yalnız bəyanatlar əsasında deyil, praktiki addımlara əsaslanan hörməti göstərir. İslam İnkişaf Bankı Qrupunun 2010-cu ildə keçirdiyi İllik Toplantısından sonra biz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə olmuşuq. Ən sonuncular sırasında əla nəticələrlə seçilən 2024-cü ildə keçirilmiş uğurlu COP29 tədbirini qeyd etmək istərdim. Eyni zamanda, böyük beynəlxalq toplantılardan olan Ümumdünya Şəhərsalma Forumu ötən ay Azərbaycanda uğurla keçirilmişdir. Bir çox digər tədbirlər də gözlənilir.

Bir sözlə bu, fəaliyyətimizin şaxələndirilmiş gündəliyini bir daha göstərir. Azərbaycan Avrasiya ölkələrini birləşdirən, xüsusən də enerji təchizat zəncirlərinin etibarlı olmadığı, o cümlədən enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinə çevrilən əsas amillərdən biri hesab edildiyi bir vaxtda onlara lazımi enerjini təchiz edən irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən qlobal sahənin mühüm iştirakçısına çevrilib.

Çox müsbət sərmayə siyasəti müxtəlif sahələrə, o cümlədən enerji sahəsinə, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən, Xəzərdə hasil olunan qazın Avropa bazarlarına çıxaran boru kəmərlərinin çəkilməsinə milyardlarla vəsaiti cəlb etməyə imkan yaratmışdır.

Bu, həqiqətən böyük səylər diplomatiya, siyasi münasibət, qonşularla yaxşı münasibətlər, qonşuların qonşusu ilə əlaqələr, maliyyələşmə, yaxşı nüfuz və güclü iqtisadiyyat tələb edirdi. Beləliklə, həmin meyarlar toplusu hazırda Azərbaycana mühüm enerji təchizatçılarından birinə çevrilmək imkanı yaratdı.

Təbii qaz təchizatı ilə bağlı. Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Biz təbii qazı 16 ölkəyə nəql edirik. Onların sayı ilbəil artır və artmaqda davam edəcək. Neft təchizatı daha çox ölkələri əhatə edir və bu, hasilatçı, tranzit ölkələrə və istehlakçıların hamısına fayda gətirir.

Beləliklə, bu, yaradılmış komanda işidir və həqiqətən, layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda olan müxtəlif siyasi maneələr baxımından unikaldır.

Biz əsasən infrastruktura sərmayə yatıraraq diqqətimizi təkcə ölkə daxilindəki infrastruktur üzərinə yox, ölkə daxilində olan beynəlxalq əhəmiyyətli infrastruktura cəmlədik. Digər sözlə, biz bildiyiniz kimi, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevirməyə, güclü nəqliyyat infrastrukturunu qurmaq üçün coğrafiyamızdan bünövrə kimi istifadə etməyə çalışdıq. Çünki əlbəttə, coğrafiya önəmlidir. Lakin onun üzərinə infrastrukturu əlavə etməsək böyük bir çəkisi olmur. Odur ki, bu gün Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir. Sadəcə, xəritəyə nəzər salsaq görərik ki, Azərbaycan Avropa və Asiyanın arasında yerləşir. Coğrafi yerləşmə, əlbəttə ki, gündəlikdən asılı olaraq başağrısı da ola bilər, üstünlük də ola bilər. Bizə gəldikdə bu, təkcə bizim üçün yox, bir çox ölkələr üçün üstünlükdür. Bu gün artıq qeyd etdiyim kimi, Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və koordinasiya olunmuş nəqliyyat vətərini yaradır. Əlbəttə ki, bir çox işlər görülməlidir və yeri gəlmişkən, bu, bizim prioritetlərimizdən biridir.

Azərbaycanın iqtisadi inkişafı müsbətdir və qeyd etdiyim kimi, iqtisadiyyat sabitdir. Biz dəyəri 350 milyard ABŞ dollarından çox olan birbaşa investisiyaları, onların yarısını son 20 ildə demək olar ki, xarici mənbələrdən cəlb edə bilmişik. Bizim investisiya planlarımız davam edir, çünki bu gün investorlar sabit yerlərin axtarışındadır. Əfsuslar olsun ki, vaxt ötdükcə sabit yerlərin sayı artmır. Təəssüf ki, bu, günümüzün reallığıdır. Buna görə yaxşı investisiya mühiti, investisiyaların qorunması, qanunvericilik bazası və artıq həyata keçirilmiş layihələr bizə təkcə enerji sahəsinə yox, həm də qeyri-enerji sahəsinə investisiyaları cəlb etməyə imkan verir ki, bu da, yeri gəlmişkən, bizim prioritetlərimizdən biridir. Biz bu barədə 16 il bundan əvvəl Bakıda keçirilmiş İslam İnkişaf Bankının İllik Toplantısında danışdıq və o vaxtdan bəri biz dəyişmişik.

Bu gün qeyri-neft və qaz sektorunun ÜDM-də payı 70 faizdən artıqdır ki, bu da özlüyündə əlamətdar bir nailiyyətdir. Lakin biz ixracımızda neft, qaz və qeyri-neft və qaz sektorunun balansının dəyişdirilməsini davam etdirmək üçün gərgin çalışmalıyıq. Bu gün ixracımızın mütləq əksəriyyətini enerji resursları təşkil edir. Beləliklə, biz vəziyyəti dəyişmək üçün çox gərgin çalışırıq və bunun üçün əlbəttə ki, bizə daha çox islahatlar, daha çox investisiyalar və yeni bazarlar lazımdır və bu da problemdir. Çünki bazarlar uğrunda, mən belə deyərdim, çox fəal mübarizə gedir. Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır, lakin biz, əlbəttə ki, davam etməliyik.

Biz xarici borcumuzu azaltmağa nail olduq. Bu, mənim tərəfimdən bir neçə il bundan əvvəl qarşıya qoyulmuş bir hədəf idi və biz buna nail olduq və hətta planlaşdırdığımızdan artığına nail olduq. Bu gün xarici borcumuz ÜDM-in yalnız 6 faizini təşkil edir, odur ki, biz yenidən borc götürməyə başladıq. Fasilə yaranmışdır, lakin biz yenidən borc götürməyə başladıq və əlbəttə ki, bizim müraciət etdiyimiz birinci maliyyə institutu İslam İnkişaf Bankı idi. Çünki bizim bu Bankla güclü əlaqələrimiz, ortaq tariximiz və çox məhsuldar, konstruktiv münasibətlərimiz var.

Toplantı zamanı yeni infrastruktur layihələrinə təkan vermək üçün bir çox müqavilələr imzalanacaq və onlar da, öz növbəsində, qeyri-neft sektorunun dəyərinin artmasına gətirib çıxaracaqdır. Beləliklə, xarici borcun aşağı səviyyədə olması, əlbəttə ki, böyük üstünlükdür. Biz daha çox borc götürə bilərik, lakin bunu çox ehtiyatla edəcəyik. Buna baxmayaraq, bizim xarici valyutada olan ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir. Hesab edirəm ki, bu göstəriciyə görə Azərbaycan çox sabit maliyyə vəziyyəti, balanslaşdırılmış büdcəsi olan aparıcı ölkələrdən biridir və bu hal reytinqimizi investisiya reytinqinə qaldıran “Moody’s” və “Fitch” kimi aparıcı reytinq agentlikləri tərəfindən dəyərləndirilir. Onların verdiyi proqnoz müsbət və sabitdir. Beləliklə, iqtisadi inkişafımızla bağlı hər hansı bir çətinlik görmürük və irimiqyaslı sosial proqramlarımız da buna uyğundur. Ötən bir neçə ildə əhalimizin demək olar ki, 30 faizindən çoxunu əhatə edən bir neçə sosial dəstək layihəsini icra etmişik. Yoxsulluğun və işsizliyin azaldılması da hədəflərimizdən biri idi və biz buna uğurla nail olduq. Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir. Məşğulluqla bağlı olan məsələlər əhalisi artmaqda olan istənilən digər ölkə kimi, bizim də diqqətimizin mərkəzində olacaq. Çünki əhali artdığı zaman, – təəssüf ki, müsəlman ölkələrində bu tendensiyanın davam etdiyini hamımız bilirik, – bunun, eyni zamanda, özü ilə bir çox çağırışlar gətirdiyini də bilirik. Çünki siz iş yerləri yaratmalısınız, daha çox sosial infrastruktur və ümumiyyətlə, infrastruktur qurmalısınız. Beləliklə, bu məsələ – işsizlik səviyyəsinin çox aşağı səviyyədə saxlanılması həmişə diqqət mərkəzində olacaq.

Əlbəttə ki, 2010-cu ildə keçirdiyimiz toplantıdan bəri baş vermiş əsas dəyişikliklərdən biri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal edilmişdir və bu da humanitar fəlakətə yol açmışdır. 1990-cı illərin əvvəllərində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O vaxt əhalimiz 8 milyon idi, beləliklə, hər səkkiz nəfərdən biri məcburi köçkün, evsiz, işsiz, yaşamaq üçün heç bir maddi imkanı olmayan idi. Bu, həqiqi humanitar fəlakət idi və biz tək qalmışdıq. Müharibə cinayətlərini və Xocalı soyqırımını törətmiş, bizim şəhər və kəndlərimizi dağıtmış, işğal olunmuş ərazilərdə urbisid törətmiş Ermənistana qarşı sanksiya tətbiq olunmadı. Hər gün sanksiyalardan danışılır – sanksiyalar və yenə də sanksiyalar. Haradasa hər hansı bir hadisə baş verən kimi dərhal sanksiyalar tətbiq olunur. Lakin Ermənistana qarşı heç kəs sanksiyalar tətbiq etmədi və bu, ikili standartların, həmçinin bəyan edilən qondarma dəyərlərlə real siyasət arasındakı fərqin açıq təzahürüdür. Əgər beynəlxalq hüququ pozduğuna, suveren dövlətin ərazilərini işğal etdiyinə və müharibə cinayətləri törətdiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, iki ölkə arasında münaqişə bu qədər uzun sürməzdi.

Bu münaqişə təxminən 30 il davam etdi və bu illər ərzində çoxsaylı nəticəsiz, sonsuz və mənasız danışıq raundları aparıldı. Həmin danışıqlara himayədarlıq edənlərin yalnız bir məqsədi var idi – torpaqlarımızı əbədi olaraq Ermənistanın işğalı altında saxlamaq. Sülhün təmin edilməsi və ərazilərimizin azad olunması mandatını daşıyanların məqsədi məhz bundan ibarət idi. Mən ATƏT-in Minsk qrupunun həmsədrlərini – BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransanı, Rusiyanı və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Təsəvvür edin, bu ölkələr Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur edə bilməzdilərmi? Əlbəttə ki, edə bilərdilər. Sadəcə bunu istəmirdilər. Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər. Bu, onların birgə qərarı idi. Lakin biz bu planları dəyişdirdik.

Danışıqlar prosesinin ilkin mərhələsində böyük ümidlərimiz var idi. Mən 2003-cü ildən Prezident kimi fəaliyyət göstərirəm və 17 il ərzində, dediyim kimi, sonradan nəticəsiz olduğu aydın olan bu danışıqlarda iştirak etdim, sülh yolu ilə həll variantı tapmağa və böyük dövlətləri həqiqətin bizim tərəfimizdə olduğuna inandırmağa çalışdım. Biz deyirdik: “Haqq bizim tərəfimizdədir. Biz işğala məruz qalmışıq. Xəritəyə baxın, Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdə harada yerləşdiyini görün”. Bunun müqabilində isə yalnız bir cavab alırdıq: “Gedin razılaşın”. Sonra deyirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Daha sonra bildirirdilər ki, siz müharibəyə başlaya bilməzsiniz. Həmçinin xəbərdarlıq edirdilər ki, əgər müharibəyə başlasanız, sanksiyalarla üzləşəcəksiniz. Bu cür çoxsaylı başqa mesajlar verilirdi, sadəcə vaxtınızı çox almaq istəmirəm.

Beləliklə, dünya siyasətində qərar verən qüvvələrin torpaqlarımızın qeyri-qanuni şəkildə əbədi işğal altında qalmasına qərar verdiyini anladığımız zaman, biz öz qərarımızı verdik və bütün planları dəyişdirdik. 2020-ci ildə torpaqlarımızın azad olunması uğrunda müharibə 44 gün davam etdi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Biz işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdik, lakin hamısını yox. Daha sonra – 2023-cü ildə bu məsələyə tam və qəti nöqtə qoyduq. Bu gün Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa olunub və bu, bütün dünya tərəfindən qəbul edilib. Bundan sonra isə biz Ermənistana sülh təklif etdik. İşğaldan və dağıntılardan əziyyət çəkmiş qalib ölkə, qalib xalq olaraq sülh təşəbbüsü ilə çıxış edən tərəf məhz biz olduq. Bu gün isə artıq sülh reallığa çevrilib.

Artıq təxminən bir ilə yaxındır ki, biz sülh şəraitində yaşayırıq və bunun müsbət nəticələrini görürük. Ermənistanın işğalçı qüvvələrinin xalqımıza və şəhərlərimizə qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların 65 məscidi dağıtmasını, xalqımızın dini hisslərini təhqir etmək məqsədilə məscidlərdə, o cümlədən donuz saxlamalarını heç vaxt unutmayacağıq. Biz Xocalı soyqırımını da heç vaxt unutmayacağıq. Lakin gələcəyə baxmağı bacarmalıyıq. Biz qisasımızı döyüş meydanında aldıq və bu, kifayətdir. Müharibə dayanmalı idi və onu dayandıran da biz olduq. Güclü tərəf olaraq biz müharibəyə son qoyduq və sülh təklif etdik. Beləliklə, bu gün sülh artıq reallıqdır.

Ərazilərimizi azad etdikdən dərhal sonra genişmiqyaslı bərpa və yenidənqurma proqramına başladıq. Bu gün artıq Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır. Müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrılıb. Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır.

Hazırda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bunlara su anbarları, su kanalları, elektrik stansiyaları, artıq istifadəyə verilmiş beynəlxalq hava limanları, tunellər və körpülər daxildir. Azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində bizim səylərimizi dəstəklədiyinə görə İslam İnkişaf Bankı Qrupuna minnətdarıq. Bu gün bu məsələ hökumətimizin əsas prioritetlərindən biridir, lakin yeganə prioritet deyil. Əminəm ki, Qrup çərçivəsində aparılan müzakirələr zamanı bu mövzular geniş şəkildə nəzərdən keçirilib.

Mən yalnız gələcəyə dair bir neçə prioritet istiqaməti xüsusi vurğulamaq istəyirəm. Onlardan biri, qeyd etdiyim kimi, bağlantıdır. Biz Azərbaycanı daha da güclü nəqliyyat-logistika mərkəzinə çevirməyə davam etməliyik. Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik. Əlbəttə, bunun hamısı yalnız bizdən asılı deyil. Bu, həm geosiyasi vəziyyətdən, həm də regiondakı ümumi şəraitdən asılı olacaq. Lakin bunlar bizim planlarımızdır.

Ərzaq təhlükəsizliyi ilə bağlı planlarımız da tam aydındır. Kənd təsərrüfatının inkişafına dair bu yaxınlarda qəbul edilmiş dövlət proqramı çərçivəsində əsas istehlak məhsulları üzrə maksimum özünütəminetmə səviyyəsinə nail olmağı planlaşdırırıq. Suvarma sahəsinə gəldikdə, İslam İnkişaf Bankının su kanalları və su anbarlarının tikintisinə verdiyi dəstək sayəsində fermerlər su ehtiyatlarına daha geniş çıxış əldə edəcəklər və məhsuldarlıq əhəmiyyətli dərəcədə artacaq.

Bərpaolunan enerji də böyük potensiala malik sahələrdən biridir. Artıq beynəlxalq və yerli şirkətlərlə imzalanmış müqavilələr 2032-ci ilədək ölkəmizə 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal gücü qazandıracaq. Bu, minimum göstəricidir. Söhbət niyyət protokollarından deyil, artıq imzalanmış konkret müqavilələrdən gedir və bu rəqəm gələcəkdə daha da artacaq. Hazırda biz ötürücü xətlərin yaradılması və enerji ixracı istiqamətində çalışırıq, çünki qeyd etdiyim kimi, bu qədər enerjiyə ehtiyacımız olmayacaq. Buna görə də enerjiyə ehtiyacı olan bazarlara, ilk növbədə, Avropaya enerji ötürülməsini təmin edəcək infrastruktur üzərində işləyirik. Hamıya məlumdur ki, Avropanın uzun illər ərzində elektrik enerjisinə böyük ehtiyacı olacaq.

Bütün bunlar, həmçinin bir çox digər istiqamətlər strateji prioritetlərimiz sırasında yer alır. Əminəm ki, planlarımızın böyük hissəsi artıq auditoriyanın diqqətinə çatdırılıb. Vaxtınızı çox almaq istəmirəm. Bir daha Azərbaycanı ev sahibi ölkə kimi seçdiyinizə, bizimlə bir yerdə olduğunuza və göstərdiyiniz dəstəyə görə minnətdarlığımı bildirir, İllik Toplantıların uğurla keçməsini arzulayıram. Çox sağ olun.

x x x

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir çıxış edərək dedi:

-Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Rəhbərlər Şurasının sədri cənab Mikayıl Cabbarov.

Zati-aliləri, rəhbərlər və alternativ rəhbərlər.

Hörmətli icraçı direktorlar, dəyərli nümayəndələr, xanımlar və cənablar.

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuh.

Sizi İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantıları münasibətilə möhtəşəm Bakı şəhərində salamlamaq mənim üçün böyük şərəfdir. İlk növbədə, Zati-aliləri Prezident İlham Əliyevə, həmçinin Azərbaycan hökumətinə və xalqına göstərilən xüsusi qonaqpərvərliyə və mükəmməl hazırlıqlara görə dərin minnətdarlığımızı bildirmək istəyirəm.

Toplantımızın Azərbaycanın Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi xüsusilə əlamətdardır. Bu gün – ölkənin sabitlik, dayanıqlılıq və yenilənmə yolunda yeni mərhələyə qədəm qoymasını təmin edən tarixi dönüş nöqtəsidir. Bu diyar əsrlər boyu Qədim İpək Yolundan bu günün Orta Dəhlizinə qədər Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirərək coğrafi mövqeyini ortaq imkanlara çevirmişdir. Lakin Azərbaycanın hekayəsi yalnız bağlantılar hekayəsi deyil. Bu, eyni zamanda, dözümlülük və yenilənmə hekayəsidir. Bu baxımdan Şuşaya son səfərimdən qısa bir təəssürat paylaşmaq istərdim. Qarabağın incisi olan Şuşanın zəngin irsi şairə və xeyriyyəçi Xurşidbanu Natəvan kimi şəxsiyyətlərin timsalında yaşayır. O, mədəni dayanıqlılığın və mərhəmətin əbədi rəmzidir. Məni Xalq şairi Məmməd Arazın aşağıdakı misraları çox təsirləndirdi:

“Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!”

Çox güclü misralardır. Bu sözlər heç vaxt ümidini itirməmiş xalqın ruhunu əks etdirir. Məhz həmin ruh Azərbaycanla tərəfdaşlığımızın əsasını təşkil edir.

Biz azad edilmiş Qarabağa səfər edən ilk çoxtərəfli İnkişaf Bankı olmaqdan qürur duyuruq və bununla Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik.

Azərbaycanın 1992-ci ildə Banka qoşulmasından bəri əməkdaşlığımız uğurla inkişaf etmişdir. İslam İnkişaf Bankı Qrupu infrastruktur, enerji, kənd təsərrüfatı və sosial xidmətlər sahələrində 84 layihə üzrə təxminən 1,8 milyard ABŞ dolları həcmində maliyyələşdirmə təsdiqləmişdir. Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi layihələr təkcə milli layihələr deyil, onlar regional ticarətin əsas arteriyalarıdır və İllik Toplantılarımızın “Davamlı rifah naminə regional inteqrasiya” mövzusunu mükəmməl şəkildə təcəssüm etdirir.

Zati-aliləri cənab Prezident, xanımlar və cənablar.

Regional inteqrasiya və ortaq rifah naminə hədəflərimiz inflyasiya, münaqişələr və təchizat zəncirlərindəki pozuntularla sınağa çəkilən qlobal mühitdə reallaşır. Qlobal iqtisadiyyat müəyyən dayanıqlılıq nümayiş etdirsə də, iqtisadi perspektivlər hələ də kövrək olaraq qalır. Üzv ölkələrimizdə iqtisadi artımın dünya və inkişaf etməkdə olan bazarların orta göstəricilərini üstələyəcəyi proqnozlaşdırılsa da, bu ümumi göstərici daha həssas iqtisadiyyatların üzləşdiyi çətin reallığı tam əks etdirmir. Məhz belə mürəkkəb şəraitdə İslam İnkişaf Bankı Qrupu fəaliyyətini daha da gücləndirmişdir. 2025-ci ildə maliyyələşdirmə təsdiqləri 20 faiz artaraq təxminən 16 milyard ABŞ dollarına çatmış, fəaliyyətə başladığımız vaxtdan etibarən ümumi təsdiqlənmiş maliyyələşdirmə həcmi isə 209 milyard ABŞ dollarına yüksəlmişdir.

Lakin yalnız öhdəliklər kifayət deyil. Nəticələr onların icrasından asılıdır. Buna görə də icra mexanizmlərimizi gücləndirərək vəsaitlərin ayrılmasını 2024-cü ildəki 9,2 milyard ABŞ dollarından 2025-ci ildə 11 milyard ABŞ dollarına çatdırmışıq. İslam İnkişaf Bankında təsdiqlənmiş 5,7 milyard ABŞ dolları həcmində maliyyə prioritet sahələrə yönəldilmişdir, bunun 46 faizi nəqliyyat və bağlantılara, 20 faizi su və şəhər xidmətlərinə, 16 faizi isə səhiyyənin maliyyələşdirilməsinə ayrılmışdır. Qrupun digər qurumları da bu dinamikanı daha da gücləndirmişdir. Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası ticarətin maliyyələşdirilməsi üçün 9,3 milyard ABŞ dolları ayırmışdır. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası özəl sektorun dəstəklənməsi məqsədilə 556 milyon ABŞ dolları həcmində maliyyələşdirmə təsdiqləmişdir. İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası isə 17,8 milyard ABŞ dolları həcmində sığortalanmış biznes əməliyyatlarına dəstək vermişdir. Bu genişmiqyaslı fəaliyyət maliyyə intizamına əsaslanır. Qlobal qeyri-müəyyənliyə baxmayaraq, biz “AAA” kredit reytinqimizi qoruyub saxlamış və 2025-ci ildə 5 milyard ABŞ dolları dəyərində sukuk buraxmışıq.

Zati-aliləri cənab Prezident, xanımlar və cənablar.

Beş il əvvəl üzv ölkələrimiz mənə bu möhtəşəm quruma rəhbərliyi etibar etdikdə daha çevik, daha təsirli və xidmət göstərdiyimiz insanlara daha yaxın olan yenilənmiş İslam İnkişaf Bankı Qrupu yaratmağa söz vermişdim. Bu vəd COVID19 pandemiyasının kölgəsində verilmişdi. Daha sonra Şərqi Avropadakı müharibə və onun üzv ölkələrimizin ərzaq təhlükəsizliyinə təsirləri vəziyyəti daha da mürəkkəbləşdirdi. Bu çətinliklərlə üzləşərkən ehtiyatlı gözləməyi deyil, fəaliyyət göstərməyi seçdik. Əməliyyatlarımızı genişləndirdik, çünki xidmət etdiyimiz icmaların gecikməyə vaxtı yox idi. Nəticələr bunu açıq şəkildə göstərir. Qrup üzrə illik maliyyələşdirmə təsdiqlərini 2020-ci ildəki 6,8 milyard ABŞ dollarından 2025-ci ildə təxminən 16 milyard ABŞ dollarına çatdıraraq iki dəfədən çox artırmışıq. Eyni zamanda, ayrılan vəsaitlərin həcmi 7,1 milyard ABŞ dollarından 11 milyard ABŞ dollarına yüksəlmişdir.

Lakin inkişaf yalnız yatırılan milyardlarla, dollarlarla ölçülmür. Onun əsl göstəricisi dəyişən həyatlarda və yenidən alovlanan ümiddə əks olunur. Bu, Kamerunda bir kənd rəhbərinin əvvəllər bütün gün çəkən yolunu indi cəmi bir saata qət etməsidir. Bu, Uqandanın kənd yerlərində doğulan körpələrin yaşamaq şansının artmasıdır. Bu, İndoneziyanın şəhərtipli kəndlərində yaşayan 8,5 milyon insanın daha təhlükəsiz və daha ləyaqətli yaşayış şəraitinə qovuşmasıdır. Bu, həmin icmalardan birinin lideri Ani Badriyanın daha yaxşı həyata doğru irəlilədiyinə görə Allaha şükür etməsidir.

Cakartadan Dakara, Almatıdan Abicana, Düşənbədən Corctaun və Paramariboya qədər səfərlərim zamanı İslam İnkişaf Bankının layihələrinin, – istər kiçik sosial təşəbbüslər, istərsə də transformativ infrastruktur proqramları olsun, – milyonlarla insanın həyatını yaxşılaşdırdığını və yeni imkanlar yaratdığını öz gözlərimlə görmüşəm. Bunların şahidi olmaq həyatımın ən gözəl və mənalı təcrübələrindən biri olmuşdur. Bu təcrübə məni əsasən makroiqtisadi göstəricilər və pul siyasəti ilə məşğul olan mərkəzi bankirdən, 57 üzv ölkəmizin gündəlik çətinlikləri və böyük potensialı ilə birbaşa üzləşən inkişaf bankirinə çevirmişdir.

Zati-aliləri cənab Prezident, xanımlar və cənablar.

Son beş il ərzində həmkarlarımla birlikdə İslam İnkişaf Bankı Qrupunun üzv ölkələrimiz üçün əhəmiyyətini artırmaq, institusional idarəetməni gücləndirmək və Qrupun uzunmüddətli dayanıqlılığını təmin etmək istiqamətində yorulmadan çalışmışıq. Əlhəmdülillah, əvvəlki strategiyanı yenidən uyğunlaşdırmış, tərəfdaşlıqlarımızı canlandırmış və İslam İnkişaf Bankı Qrupunun dünyanın aparıcı çoxtərəfli inkişaf bankları arasında mövqeyini daha da möhkəmləndirmişik. Həmçinin 2026-2035-ci illəri əhatə edən, özünəməxsusluq, həmrəylik və nəsillərarası rifah prinsiplərinə əsaslanan Onillik Strateji Çərçivəni istifadəyə vermişik. Bu uzunmüddətli baxış artıq Bankın və onun törəmə qurumlarının yeni Beşillik Korporativ Strategiyaları vasitəsilə konkret fəaliyyətlərə çevrilir. Bu strategiyalar 2026–2030-cu illər üçün iddialı Yol Xəritəsi müəyyən edir. İnşallah, bu toplantılar başa çatan kimi onların icrasına başlanılacaq.

Eyni zamanda, tarixi bir nailiyyət əldə etmişik. Artıq fəaliyyət göstərən İslam İnkişaf Bankının Güzəştli Fondu yüksəktəsirli yeni layihələri dəstəkləyir və həssas ölkələrin aktual inkişaf problemlərini həll etməsinə kömək göstərir. Bu mühüm təşəbbüsə artıq töhfə vermiş üzv ölkələrə səmimi təşəkkürümü bildirirəm. Onların dəstəyi qurumumuzu xarakterizə edən həmrəylik ruhunun bariz nümunəsidir. İrəliyə doğru gedərkən Fondun daha da gücləndirilməsi və heç bir üzv ölkənin geridə qalmamasının təmin olunması üçün davamlı dəstəyinizə və səxavətli töhfələrinizə ümid edirik.

Zati-aliləri cənab Prezident, xanımlar və cənablar.

Mənə ikinci müddət üçün bu quruma rəhbərlik etməyi təklif etdiyinə görə Səudiyyə Ərəbistanı Krallığına, eləcə də dəstəklərinə və etimadlarına görə hörmətli rəhbərlərə minnətdaram. Bu yenilənmiş etimad İslam İnkişaf Bankı Qrupunu daha da irəli aparmaq əzmimizi gücləndirir. Həmişə olduğu kimi, yanaşmamız milli prioritetlərə əsaslanan həllərə söykənəcək və investisiyalar üzv ölkələrimizin inkişaf məqsədləri ilə uzlaşdırılacaqdır.

İstiqamətimiz aydındır. Böyük miqyasda nəticələr əldə etmək, yüksək keyfiyyətlə fəaliyyət göstərmək və vahid bir qrup kimi çıxış etmək. Lakin heç bir qurum nə qədər güclü vizyona və strategiyaya malik olsa da, onun missiyasını hər gün həyata keçirən insanların fədakarlığı olmadan real təsir yarada bilməz.

İslam İnkişaf Bankı Qrupunun rəhbərliyinə və əməkdaşlarına peşəkarlıqları və sədaqətləri üçün dərin minnətdarlığımı bildirirəm. Həmçinin bütün rəhbərlərimizə, icraçı direktorlarımıza, Ərəb Koordinasiya Qrupundakı tərəfdaşlarımıza və daha geniş çoxtərəfli inkişaf bankları icmasına təşəkkür edirəm.

İllik Toplantıların təşkilat komandasına yorulmaz səylərinə görə xüsusi təşəkkürümü bildirir, dəyərli nümayəndələrə ortaq məqsədlərimizə sadiqliklərinə görə minnətdarlığımı ifadə edirəm. Bir daha Zati-aliləri Prezident İlham Əliyevə toplantılarımıza göstərdiyi himayəyə, həmçinin Azərbaycan hökumətinə və xalqına səmimi qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm.

Zati-aliləri cənab Prezident, xanımlar və cənablar.

Qeyri-müəyyənlik, parçalanma və artan həssaslıqlarla xarakterizə olunan dünyada həmrəylik artıq seçim deyil, zərurətdir. Müqəddəs Qurani-Kərim bizə buyurur: “Yaxşılıq və təqva üzərində bir-birinizə kömək edin”. Bu əbədi prinsip missiyamızın əsasını təşkil edir. O bizə xatırladır ki, rifah müqəddəs əmanətdir — paylaşılmalı və hamı üçün ləyaqətə, imkanlara və ümidə çevrilməli olan bir nemətdir. Lakin üzv ölkələrimizin müxtəlif bölgələrində davam edən dərin humanitar böhranları nəzərə almadan rifahdan danışa bilmərik. Günahsız insanlar böyük əzablar, itkilər, məcburi köçkünlük və qeyri-müəyyənlik yaşayırlar. Bu reallıqlar bizə xatırladır ki, həmrəylik yalnız bəyanatlar və çıxışlarla məhdudlaşan prinsip olmamalıdır. O, kollektiv fəaliyyətə, ortaq məsuliyyətə və çətinliklərlə üzləşən insanlara real dəstəyə çevrilməlidir.

Gəlin Bakıdan elə ayrılaq ki, ortaq səylərimiz nəticəsində bir uşaq təhsil ala bilsin, bir ana təhlükəsiz şəkildə övladını dünyaya gətirsin, bir fermer daha yaxşı dolanışıq əldə etsin və həssas bir icma gələcəyə daha böyük ümid və inamla baxsın.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək, Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi inkişaf strategiyasını və beynəlxalq tərəfdaşlıqların bu prosesdə rolunu vurğuladı. O, ölkəmizin bank sektoru və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişlənməsinə, xüsusilə Azərbaycan-Ərəb Koordinasiya Qrupu çərçivəsində qurulan tərəfdaşlıqların iri infrastruktur layihələrinin – boru kəmərlərinin, dəmir yollarının və avtomobil yollarının maliyyələşdirilməsinə töhfə verdiyini bildirdi. Eyni zamanda, iqtisadi siyasətin əsas prioritetləri kimi özəl sektorun inkişafını, insan kapitalının gücləndirilməsini və texnoloji tərəqqini qeyd etdi.

Nazir, həmçinin İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli əməkdaşlığın əhəmiyyətinə toxunaraq, müxtəlif ölkələr üçün ticarətin və hərəkətliliyin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırdı.

Mikayıl Cabbarov Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi və iqtisadi inkişafın dayanıqlı əsaslar üzərində qurulmasının əhəmiyyətini vurğuladı.

x x x

Daha sonra tədbirdə “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Çərçivə (Kredit) sazişi, “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Qrant Sazişi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu” imzalandı.

***

11:05


Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir.

Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə birgə foto çəkdirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Qurani-Kərim”dən ayə oxunub.

Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub.

Dövlət başçısı tədbirdə çıxış edir.

 

Paylaş: