
Rusiyanın ənənəvi lənəti var, heç bir dövlət, xalq bu qədər zamanın, dövrün qabaqcıl ideyalarının, yeniliklərinə qarşı getməyib. Artıq dörd il yarımdır davam edən Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi məhz zamanın nəbzini duymamaq, uydurma imperiya baxışlarını reallıqdan üstün tutmağın və yalançı geosiyasi sərsəmləmələrin nəticəsidir.
Kreml 2004-2022-ci illərdə qədər Ukraynada baş verənləri doğru analiz edib, real qiymətləndirə bilmədi. Daha doğrusu, prezident Putin və xüsusi xidmət orqanları gerçəkliyi xəyallara qurban verdilər. 2004-cü il Ukraynada keçirilən prezident seçkilərinin 1-ci və 2-ci turunu müşahidəçi kimi izləmək imkanım oldu.
Ukraynanın indi Rusiya tərəfindən işğal olunan Şərq vilayətlərində müşahidə aparırdıq, artıq onda çoxumuza aydın ki, bu ölkə transformasiya olunur. Bu ölkədə fərqli siyasi mədəniyyət, dünyagörüş formalaşır. Rusiya bu gerçəkliyi görmək istəmədi və 2014-cü ildə bir daha Ukraynada məğlub oldu. Krımı ilhaq edərək bu böyük geosiyasi məğlubiyyəti kompensasiya etməyə çalışdı və PR gücünə prezident Putin qalib kimi təqdim olundu. Sonrakı proseslər göstərdi ki, Kreml adekvat strategiyaya malik deyil və yenə inanır ki, tank mühərriklərini işə salan kimi rusların bütün tələbləri yerinə yetiriləcək. Dünya dəyişmişdi, ətraf ölkələr dəyişmişdi, Kreml baxışı isə dəyişməmişdi.
2018-ci ildə Ermənistanda Paşinyan hakmiyyətə gəldi, İrəvan əvvəlki tərzdə vassalığı qəbul etmədi. 2020-ci ildə Azərbaycan II Qarabağ Müharibəsində tarixi zəfər qazandı, erməni işğalına son qoydu, rus sülhməramlıları bölgədən çıxdı. 2022-ci ildə Rusiya Qazaxıstana qoşun yeritdi və qısa müddət sonra geri çəkilməyə məcbur qaldı, Nazarbayev hakimiyyətdən uzaqlaşdırıldı. Gürcüstanda Rusiyaya loyal hakimiyyət iqtidarda qalsa da, gürcü cəmiyyəti ruslara neqativ münasibətini dəyişmədi və zaman-zaman bu üzə çıxır.
2021-ci ildə Türk Dövlətləri Təşkilatı yeni formatda birlik kimi təqdim edildi. Rusiya 2024-cü ildə Moldovada prezident, 2025-ci ildə parlament seçkilərində uduzdu. Paşinyan bu il yenə qalib gəldi və hakimiyyətini qorudu. Bütün bunlara baxmayaraq Kremldə düşünürlər ki, hələ də SSRİ fəaliyyətini davam etdirir, Kremldən gələn teleqramlarla bütün postsovet məkanı idarə olunmalıdır.
Azərbaycana qarşı davamlı hücumların təməlində məhz rəsmi Bakının bu yeni reallığın formalaşmasında liderliyi, təşəbbüskarlığı və artan təsirindən narahatlıq durur. Kremldə hesab edirlər ki, obrazlı ifadə etsək Bakı pis nümunə yaradır. Özünün enerji, nəqliyyat-logistika layihələri ilə yeni imkanlar və alternativlər, inteqrasiya mexanizmləri yaradır.
Rəsmi Bakı münaqişələri iqtisadi əməkaşlıq modelləri ilə əvəzləyir, prezident İlham Əliyevin vizyoner baxışı ilə Cənubi Qafqaz dəyişir, Mərkəzi Asiya ölkələri alternativlər əldə edirlər, Türkiyə Xəzər bölgəsində, Cənubi Qafqazda əsas tərəfdaşa, təhlükəsizliyin əsas donoruna çevirilir. TDT daxilində əməkdaşlıq və kooperasiya güclənir.
Azərbaycan meqa layihələrlə Qərb dünyası liderlərini regiona gətirir və Çinlə əməkdaşlıq edərək uğurlu tarazlıq yaradır.
Rusiya isə yeni reallığı qəbul edəcək və yeni adekvat strategiya irəli sürəcək strateji baxışa, ənənəyə malik deyil. Zamanında ABŞ Vyetnamda uduzması ilə öz xarici siyasətində, dünyaya baxışında böyük dəyişikliklər etdi. ABŞ daha əvvəlki strategiyasından qoparaq, dünyanın hər yerindəki münaqişələrə qoşun göndərmək əvəzinə, müttəfiqləri öz müdafiələrini üzərinə götürməyə təşviq etdiyi bir strateji geri çəkilmə dövrünü başlatdı. Nikson və Kissincer dünyanı sadəcə ABŞ-SSRİ qütb mübarizəsi kimi görməkdən çıxıb, Çin və SSRİ ilə yeni münasibətlər axtardılar. ABŞ bu yeni baxışla güclü mövqeyini qorudu və “soyuq müharibə”də qalib gəldi.
IV Şuşa Qlobal Media Forumunda Azərbaycan prezidenti Rusiyanı praqmatizmə və strateji müdrikliyə dəvət etdi. Prezident qeyd etdi, “Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib və buna İkinci Qarabağ müharibəsi səbəb olub”. Dövlət başçısı qeyd etdi ki, “bu, bir çox dərin çat xətlərinin yerini dəyişməsi ilə bağlıdır. Bölgədə baş verən digər hadisələr – Azərbaycanın suverenliyinin tam bərpası, Ermənistanın avromərkəzçi fəaliyyəti və bununla bağlı proseslər və s.
Məncə, bu, artıq həm analitiklər, həm də dövlət səviyyəsində bütövlükdə vəziyyətin yenidən qiymətləndirilməsini tələb edir”. İlham Əliyev Rusiyanın Cənubi Qafqazdakı gələcək rolu haqqında danışarkən bildirdi : “Rusiyanın Cənubi Qafqazdakı roluna gəlincə, mənim üçün bu barədə danışmaq çətindir, çünki bu, Rusiyanın özünün formalaşdırmalı olduğu bir konsepsiyadır (əgər hələ formalaşdırmayıbsa)”.
Rusiyanın son addımları göstərir ki, Kreml zamanla ayaqlaşa bilmir, yeni dünya düzəni müəlliflərindən biri olmağa iddialı Putin komandası indi kiçik qəsəbələr uğrunda mübarizə aparır və mülki əhalini bombalamaqla hərbi səriştə nümayiş etdirir. Tarix yenə təkrarlanır.
122 il əvvəl Rusiya inanırdı ki, Yaponiyanı asanlıqlı məğlub edəcək. Rusiya imperiyasının rəhbərliyi Yaponiyanı hərbi baxımdan zəif və asan hədəf hesab edir, bu müharibəyə çox böyük təkəbbürlə yanaşırdı. Kremlin Ukraynaya 2022-ci ildə hücum etdiyi kimi. Lakin, 122 il əvvəl Rusiya ağır məğlubiyyətə uğradı.
1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsində Çar Rusiyasının acınacaqlı məğlubiyyəti Rusiya imperiyasının daxilində böyük siyasi, iqtisadi və sosial partlayışa səbəb oldu. Bu məğlubiyyət monarxiyanın nüfuzunu tamamilə sarsıtdı və ölkədə 1905–1907-ci illər Birinci Rusiya İnqilabının baş verməsini sürətləndirən əsas katalizator oldu.
Rusiya yenə tarixin dolaylarına qalıb və təəssüf ki, bundan nəticə çıxarmır.
Zaur İbrahimli, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü