Xəbər axtarın

Son axtarış nəticələri:

Əraqçi: "Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı"

19.08.2026 10:22

Əraqçi: "Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı"

İranın xarici işlər naziri Abbas Əraqçi İran və Azərbaycan prezidentləri arasındakı əlaqələri yüksək qiymətləndirib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

A.Əraqçi qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə son telefon danışığından sonra iki ölkənin münasibətlərində yeni səhifə açılıb.

“Pezeşkian Azərbaycan Respublikasına səfər etdiyi zaman, müəyyən eniş-yoxuşların və bəzi problemlərin müşayiət etdiyi münasibətlərimiz onun İlham Əliyevlə birbaşa ünsiyyəti sayəsində tamamilə dəyişdi”, – Əraqçi bildirib.

A.Əraqçi əlavə edib ki, məhz son müharibə zamanı Azərbaycanla İran münasibətlərini müəyyən qədər gərginləşdirən problem yaşanıb: “Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı, Azərbaycan dilində səmimi salamlaşması və bir neçə atalar sözündən istifadə etməsi vəziyyəti tamamilə dəyişdi”.

Xarici işlər naziri onu da əlavə edib ki, İranın Mərkəzi Asiya, Qafqaz, ölkənin şərqində Əfqanıstan və Pakistan, qərbində isə Türkiyə və İraq da daxil olmaqla digər qonşu ölkələrlə münasibətləri hələ də yaxşıdır.

Xatırladaq ki, daha əvvəl Pezeşkian Azərbaycanın ən çətin günlərdə İrana yardım etdiyini bildirib. Prezident İlham Əliyev ölkəmiz haqqında söylədiyi xoş və səmimi sözlərə görə Pezeşkiana təşəkkür edərək, Azərbaycanın qardaş İran xalqının yanında olduğunu bir daha özünü göstərdiyini vurğulayıb.

Paylaş: