
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Al Jazeera” telekanalına verdiyi son müsahibə təkcə Türkiyədə deyil, İslam dünyasında da geniş əks-səda doğurub. Xüsusilə Türkiyənin son 25 ildə keçdiyi dəyişiklik və Ərdoğanın regional məsələlərlə bağlı mesajları bir çox ölkədə diqqətlə izlənilib.
Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, müsahibə zamanı onun söylədiyi bu fikirlər xüsusilə düşündürücü olub:
“Vəzifə onu anlayanlara, qılınc isə ondan istifadə etməyi bacaranlara verilir”.
Bu ifadə Türkiyənin son 25 illik yolunu sanki ümumiləşdirir.
2002-ci ildə Türkiyə iqtisadi böhran, yüksək inflyasiya, borclar və güclü hərbi vesayətlə mübarizə aparan ölkə idi. İlk mərhələdə iqtisadiyyat və infrastruktur gücləndirildi, dövlət institutları yenidən quruldu və siyasi sabitlik təmin edildi. Daha sonra isə “qılınc” gəldi: Müdafiə sənayesi, texnologiya, kəşfiyyat, diplomatiya və yerli istehsal…
2002-ci ildə təxminən 248 milyon dollar olan müdafiə sənayesi ixracı bu gün 10 milyard dollara yaxınlaşıb. Müdafiə layihələrinin sayı isə təxminən 62-dən 1 400-dən çoxa yüksəlib.
Türkiyə artıq yalnız silah alan ölkə deyil. Ölkə öz texnologiyasını inkişaf etdirir, istehsal edir, ixrac edir və bu gücdən diplomatiyada da istifadə edir.
Əsas diqqətçəkən məqam isə budur:
Qılınc daşımaq başqa, ondan istifadə etməyi bilmək isə tamam başqadır.
Ərdoğanın mesajı da məhz burada məna qazanır. ABŞ-la danışıqlar apararkən, Rusiya ilə münasibətləri davam etdirərkən, Pakistan və Səudiyyə Ərəbistanı ilə əlaqələri gücləndirərkən, Suriya və digər regional məsələlərdə Türkiyənin təsir imkanlarını artırmağa çalışır.
Bəlkə də məhz buna görə bu müsahibə bir çox müsəlman ölkəsində Türkiyənin bu gün gəlib çatdığı mərhələ ilə bağlı yeni müzakirələrə səbəb olub:
Türkiyə artıq yalnız öz sərhədlərini müdafiə edən ölkədir, yoxsa yeni dünya nizamında öz şərtlərini ortaya qoyan regional gücə çevrilib?
Əvvəlcə idarə etməyi öyrəndi. Sonra gücünü qurdu. İndi isə həmin gücdən necə istifadə edəcəyini göstərir.

