
Rusiya ordusu bu gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə hava zərbələri endirib.
Primeinfo.az-ın məlumata görə, şəhərdə güclü partlayış səsləri eşidilib. Hava zərbələri zamanı, əsasən, ballistik raketlərdən istifadə edilib.
Kiyev şəhərin meri Vitali Kliçko bildirib ki, raket zərbələrindən sonra həlak olanların sayı 8 nəfərə çatıb, 33 nəfər isə xəsarət alıb.
Hava hücumunun ilk 20 dəqiqəsi zamanı Rusiya Kiyev şəhərinə və vilayətinə təxminən 20 raket atıb. Şəhərin Darnitski, Svyatoşin və Solominsk rayonlarında 12-dən çox lokasiyada dağıntı qeydə alınıb. Yaşayış binaları, tibb və təhsil müəssisələri zərər görüb. Anbarlar və böyük bir ərazi yanıb.
Bundan başqa, Solominsk rayonundakı uşaq xəstəxanasına ziyan dəyib, pəncərələr sınıb və avtomobillər yanıb. Həmçinin Solominsk rayonunda beşmərtəbəli binada dağıntı qeydə alınıb. Doqquzmərtəbəli yaşayış binasında da dağıntılar var. İnsanlar dağıntılar altında qalıblar.
Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.











