
Diplomatların şəxsi baqajına dair gömrük güzəşti ləğv edilir
Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları, diplomatik heyətin üzvləri və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarının gömrük baxışından azad olunması ilə bağlı norma ləğv edilir.
Həmçinin layihəyə əsasən, xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin inzibati-texniki heyəti və həmin əməkdaşlar, eləcə də onlarla birlikdə yaşayan ailə üzvləri (Azərbaycan vətəndaşı olmadıqda və ya ölkədə daimi yaşamadıqda) şəxsi istifadə üçün malları gömrük ödənişlərindən azad şəkildə ölkəyə gətirə bilərlər. Belə ki, bu dəyişiklikdən əvvəl bütün diplomatlar ödənişdən azad idi.
O cümlədən, xarici dövlətlərin yalnız Azərbaycandakı diplomatik nümayəndəliklərinin inzibati-texniki və xidmətçi heyətinə gömrük güzəştlərinin yalnız qarşılıqlılıq prinsipi əsasında tətbiq ediləcəyi və bu güzəştlərin əhatə dairəsi konkret qaydalarla müəyyən olunur.