
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edərək, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüş zamanı, ölkəmizin Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) uğurlu evsahibliyi, yüksək səviyyəli Pakistan nümayəndə heyətinin iştirakı məmnunluqla qeyd olunub.
Qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan–Pakistan münasibətlərinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdiyi vurğulanıb, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Görüş zamanı regional təhlükəsizlik, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb və tərəflər gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Tərəflər Azərbaycan–Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə edərək iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini və qardaşlıq əlaqələrini vurğulayıblar”, – XİN-in məlumatında bildirilib.
Həmçinin iqtisadi, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.









