
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni qarşıdakı iki-üç il ərzində döyüş əməliyyatlarının davamına hazırlamaq barədə göstəriş verib.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “The Economist” nəşri Ukrayna dövlət strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, bəzi ukraynalı rəsmilər hesab edir ki, ölkə uzunmüddətli münaqişə şəraitində dayanıqlığını qoruya bilər. Bununla belə, uzanan qarşıdurmanın daxili nəticələrə, o cümlədən hərbiləşmənin güclənməsinə və hərbi sahədə korrupsiyaya qarşı mübarizənin çətinləşməsinə səbəb ola biləcəyi qeyd olunur.
“The Economist” mayın 13-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatını da xatırladıb. Peskov bildirib ki, Ukrayna üzrə sülh danışıqlarına başlamazdan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiya regionlarının ərazilərindən geri çəkilməlidir. O, danışıqların mürəkkəb keçəcəyini də vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin iyununda Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə atəşkəs üçün şərtlərini açıqlamışdı. O, Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən çıxarılmasını, bu bölgələrin Rusiya ərazisi kimi tanınmasını, sanksiyaların ləğvini və Ukraynanın neytral status almasını tələb etmişdi.