Xəbər axtarın

Son axtarış nəticələri:

Daha 9 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib - AYNA

17.06.2026 19:16

Daha 9 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib - AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq  214 və 214A nömrəli şəhərətrafı, eləcə də Bakı–Siyəzən, Bakı–Ağcabədi, Bakı–Mingəçevir, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Bərdə–Kəlbəcər və Göyçay–Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Agentlikdən Primeinfo.az-a verilən xəbərə görə, Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivi ilə əlaqələndirən 214 nömrəli və Ramana qəsəbəsinin Fərrux Qayıbov küçəsini “Koroğlu” NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs “Çinar-Trans” MMC;

Bakı–Siyəzən marşrutu üzrə fiziki şəxs Məhərrəmov Zöhrab Ağagül oğlu;

Bakı–Ağcabədi marşrutu üzrə fiziki şəxs Məmmədov Müşviq Novruz oğlu;

Bakı–Mingəçevir marşrutu üzrə hüquqi şəxs “Xan Sarayı” MMC;

Gəncə–Gədəbəy marşrutları üzrə fiziki şəxs Cəfərov Samir Vaqif oğlu;

Gədəbəy-Gəncə marşrutları üzrə fiziki şəxslər Rüstəmli Şahin Rüstəm oğlu və Məmmədov Cavanşir Məhəmməd oğlu;

Bərdə-Kəlbəcər marşrutu üzrə fiziki şəxs İsmayılova Elmira Əli qızı;

Göyçay-Gəncə marşrutu üzrə fiziki şəxs İbadov Elvin Arif oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Paylaş: