
Pedofil maliyyəçi Ceffri Epşteyn yəmənli milyarderin oğluna norveçli tələbə qızı zorlayıb qətlə yetirməkdə ədalətdən yayınmağa kömək edib.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, 2008-ci ilin mart ayında Londonun bahalı malikanələrindən birinin zirzəmisində 23 yaşlı Martine Vik Maqnussenin cəsədi tapılmışdı. Meyitin üzərində boğulma və zorakılıq əlamətləri aşkar edilmişdi. Gənc qızı sağ görən sonuncu adam onunla eyni biznes məktəbində təhsil alan, yəmənli milyarder Şaher Abdulhakın 20 yaşlı oğlu Faruk Abdulhak olmuşdu. Maqnussenin cəsədi tapılmazdan əvvəl şübhəli şəxs cəzadan yayınmaq üçün Böyük Britaniyadan Yəmənə özəl təyyarə ilə qaçmışdı.
Ceffri Epşteynin ictimaiyyətə açıqlanan yeni məktubları göstərir ki, Şaher Abdulhak ondan bu işdə yardım istəyib. Bunun ardınca Epşteyn piar üzrə mütəxəssis İen Osbornla əlaqə yaradaraq onun köməyi ilə 2003-2008-ci illərdə Böyük Britaniyanın baş ittihamçısı olmuş (Kral Prokurorluq Xidmətinin direktoru) lord Ken Makdonalda müraciət edib. Makdonald vəzifəsindən getdikdən cəmi iki ay sonra Paris şəhərində Şaherlə bir araya gəlib, ardınca isə Yəmənə səfər edərək onun oğlu ilə şəxsən danışıqlar aparıb. Milyarder atanın Epşteynə göndərdiyi məktublardan aydın olur ki, o, oğlunun sadəcə ev dustaqlığı və ya ictimai işlərlə cəzalandırılacağına ümid edirmiş. Eyni zamanda, o, zərərçəkənin ailəsinə şikayətçi olmamaları üçün 50 milyon dollar təzminat təklif edib. Lakin öldürülən qızın atası Petter Maqnussen bu təklifi qətiyyətlə rədd edib.
Bundan əlavə, Epşteynin norveçli diplomat Terye Röd-Larsen və onun həyat yoldaşı, həmin hadisənin araşdırılması zamanı müşahidə olunan “anlaşılmaz sükut” dövründə Norveçin Londondakı səfiri işləmiş Mona Yuulla sıx əlaqələri üzə çıxıb. Məlum olub ki, Epşteyn bu cütlüyün uşaqlarının hər birinə miras olaraq 5 milyon dollar məbləğində vəsait qoyub.
Hazırda 39 yaşı olan Faruk Abdulhak heç vaxt ədalət mühakiməsinə cəlb edilməyib. O, yalnız 2023-cü ildə verdiyi bir müsahibəsində cinayətdə əli olduğunu etiraf edib və baş verən hadisəni intim əlaqə zamanı yaranmış bədbəxt təsadüf kimi qələmə verib. Lord Makdonald Yəmənə etdiyi səfəri şübhəli şəxsi könüllü şəkildə təslim olmağa inandırmaq cəhdi ilə izah etsə də, zərərçəkmişin ailəsi və Britaniya mətbuatı onun bu addımını mənəvi baxımdan qəbuledilməz adlandırır.
Həmçinin oxuyun