
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin noyabr ayında İstanbulda yaradılması elan edilən Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin missiyasını salamlayıb.
Primeinfo.az xəbər verir ki, o, Ankarada Türkiyə Audit Palatasının 164-cü ildönümü münasibətilə keçirilən mərasimdəki çıxışında Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin yaradılması təşəbbüsünün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ali audit qurumlarının nümayəndələri tərəfindən dəstəkləndiyini xatırladıb.
“Biz bu strukturun yaradılması haqqında qərardan çox məmnunuq. Hesab edirəm ki, üç il müddətində Türkiyənin sədrlik edəcəyi Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi Ankaranın Türk dünyası ilə əməkdaşlığına yeni təkan verəcək”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısı bu ilin payızında Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin 13-cü Zirvə görüşündən gözləntilərini də bölüşüb. “Ümid edirəm ki, onun nəticələri bizim Türk dünyasında əməkdaşlığın yeni dövrünə qapıları açacaq”, – deyə Türkiyə Prezidenti qeyd edib.



