
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı dünyada cərəyan edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.
Primeinfo.az xəbər verir ki, ölkə başçısı forum çərçivəsində ukraynalı jurnalist Dmitri Qordonun suallarını da cavablandırıb:
Ukraynalı jurnalist Dmitri Qordon: “Bu gün yeni vəziyyətdə Ukraynaya yenidən nə məsləhət görərsiniz? Putinə nə məsləhət görərdiniz? Çünki, zənnimcə, onun heç bir yaxşı çıxış yolu yoxdur.
Prezident İlham Əliyev: “Ötənilki sualınıza və mənim tövsiyəmə gəlincə, düşünmürəm ki, Ukrayna hökuməti və xalqının mənim məsləhətimə ehtiyacı var. Amma mən bir daha onu təkrar etmək istəyirəm. Münaqişə ilə razılaşmayın. Və siz məhz bunu edirsiniz. Düzdür, çətin dövrlər olub bu il ərzində və biz bunun şahidi olmuşuq. Bilirik ki, müəyyən dairələrin təzyiqləri olub ki, əməliyyatlar dayandırılsın, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər olub. Ukrayna xalqı və hakimiyyəti təbii ki, buna razı olmadı.
Qarşı tərəf mənim məsləhətimi soruşsa, mən mövqeyimi bildirirəm, amma düşünürəm ki, bu gün mənim qarşı tərəfə tövsiyə verməyim uyğun olmaz. Mənim qiymətləndirməyimə və perspektivlərə gəlincə, proqnozlarımız üst-üstə düşür. Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir”.