
Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) vaxtilə başqa bir mənzərə vardı:
“Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Mən vaxtilə, 2001-ci ildə ölkə parlamentinin üzvü olanda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edirdim. İki il orada çalışdım, həmin illər ərzində 4 sessiya keçirildi. Bu mənim üçün xoşagəlməz hadisə idi. Biz 2023-cü ildə öz legitim hüququmuzdan istifadə edərək separatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər. 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyanı sual altında qoydular və səsvermə hüququndan məhrum etdilər. Bu, sırf insan hüquqları ilə bağlı məsələ deyildi, əks təqdirdə daha əvvəldən edərdilər. Bu, sadəcə bizimlə, ərazi bütövlüyümüzlə bağlı bir cəza idi. Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul etdi. Onlar görüşlərdə iştirakdan imtina etdilər. Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?!”
İlham Əliyev, yeri gəlmişkən, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə də səs vermədiyini xatırladıb:
“Biz bu səbəbdən onların qərarlarını tanımırıq. Biz hakimlər üçün səs verməmişik, iki ildir ayrı-seçkiliyə məruz qalırıq. Açıq şəkildə deyirəm ki, Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir. Nəinki üzvlüyümüzün dayandırılması, dondurulması, birmənalı olaraq, həmin təsisatdan getməyimizi nəzərdən keçiririk. Avropa Şurasının Baş katibi mənimlə əlaqə saxladı və xahiş etdi ki, bunu etməyək, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapmalıyıq. Həmin parlamentdə Azərbaycanın ünvanına çox müəmmalı ultimativ qərarlar səsləndirilir. Bu da tamamilə qəbuledilməzdir. Bu bizim qərarımız deyil, çünki onlar bizi səsvermə hüququndan məhrum ediblər. Bu, hansısa legitim qərarlar olmadan baş verib. Onlar bizim nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər. Bundan sonra Azərbaycan nümayəndə heyəti qayıdacaq. Biz hər hansı bir səhv addım atmamışıq. Onlar ədalətsiz qərar veriblər. Odur ki, onlar geri çəkilməli, öz səhvlərini etiraf etməlidirlər. Bir çox hallarda mən öz narahatlığımı ifadə etmişəm”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan tam şəkildə Avropa Şurasından çıxsa, heç kəs bunu hiss etməyəcək:
“Yəni burada çox şey dəyişməyəcək. Bəlkə bundan daha yaxşı olacaq. Biz toqquşmaya getmək istəmirik. Azərbaycana qərəzlə yanaşırlar, onların iddiaları əsassızdır. Bu bizim seçimimiz deyil. Biz təşkilata 2001-ci ildə könüllü olaraq qoşulmuşuq. O vaxt çox şey fərqli idi. Biz böyük istəklə, ümidlə daxil olduq ki, onlar bizə əsas istəyimiz, yəni Qarabağ münaqişəsinin həllində kömək edəcəklər”.