
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Primeinfo.az xəbər verir ki, görüşdə Azərbaycan-Çin münasibətlərinin son illərdə dinamik inkişaf etdiyi vurğulanıb, parlamentlərarası və partiyalararası əməkdaşlığın, eləcə də iqtisadi, ticarət, təhsil, mədəniyyət, humanitar və gənclər sahələrində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Sahibə Qafarova bildirib ki, iki ölkə arasında əməkdaşlığın inkişafının əsasını Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış dostluq münasibətləri təşkil edir. O qeyd edib ki, Azərbaycan hər zaman “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib, eyni zamanda Pekinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstək yüksək qiymətləndirilir.
Spiker Prezident İlham Əliyevin 2025-ci ildə Çinə dövlət səfərinin və bu səfər zamanı hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanmasının ikitərəfli münasibətlərdə yeni mərhələ yaratdığını diqqətə çatdırıb.
Görüşdə parlamentlərarası əlaqələrin Azərbaycan-Çin münasibətlərinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Sahibə Qafarova cari ildə Çinə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşləri xatırladaraq, parlamentlər arasında dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdiyini bildirib.
O, həmçinin Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, imzalanmış Anlaşma Memorandumunun bu əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Kanq Şuay isə Çin-Azərbaycan münasibətlərinin son illərdə uğurla inkişaf etdiyini, iki ölkə rəhbərləri arasında yüksək səviyyəli əlaqələrin əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını deyib. O, Sahibə Qafarovanın Çinə səfərini və keçirdiyi görüşləri yüksək qiymətləndirərək, onun parlamentlərarası və partiyalararası əlaqələrin inkişafına verdiyi töhfəni vurğulayıb.
Görüşdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Çinin Azərbaycandakı səfiri Lu Mey də çıxış edərək iki ölkə arasında siyasi dialoq və əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.













