
Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb.
Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, orta pensiya məbləği orta aylıq əməkhaqqının 51 faizinə bərabərdir: “Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10,2 faiz, əlilliyə görə 10,5 faiz, ailə başçısını itirməyə görə isə 10,3 faiz artıb”.

V.Bayramov qeyd edib ki, pensiyaların orta məbləğindəki artım əsasən bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır: “Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım orta pensiya məbləğinə də təsir göstərib”.
Millət vəkili bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, bütün növ əmək pensiyalarının növbəti indeksləşdirilməsi gələn ilin yanvarında həyata keçiriləcək.
“Bu zaman 2026-cı ildəki orta aylıq əməkhaqqındakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar da artırılacaq. Pensiya artımları 1 milyon 100 min vətəndaşı əhatə edir”, – deyə o əlavə edib.