
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ölkənin ali rəhbəri Ayətullah Müctəba Xamneyi ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Görüş zamanı Xamneyi Ali Milli Təhlükəsizlik Şurasını və onun katibliyini ölkə işlərinin idarə olunmasında “tədbir və qərarların kəsişmə nöqtəsi” adlandırıb. O, “mədəniyyət”, “siyasət”, “iqtisadiyyat” və “təhlükəsizlik” sahələrinin bir-birinə qarşılıqlı təsir göstərdiyini vurğulayıb. Həmçinin hər bir sahədə qərarların qəbul edilməsi zamanı uyğun müşayiətedici tədbirlərin və mexanizmlərin nəzərə alınmasının vacibliyini qeyd edib.
Ali rəhbər hər bir tədbirin başlanğıcından sonuna qədər bütün mərhələlərini əhatə edən yol xəritəsinin hazırlanmasını əsaslı və möhkəm qərarların qəbulunun zəruri şərti hesab edib.
Görüşdə milli həmrəyliyin və birliyin gücləndirilməsi, xalqla dövlət rəsmiləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələləri də müzakirə olunub.
Bundan başqa, ölkənin problemlərinin həllini asanlaşdırmaq və sürətləndirmək məqsədilə prezidentə və icra hakimiyyəti orqanlarına dəstək göstərilməsi üçün Konstitusiyanın, xüsusilə də 176-cı maddəsinin imkanlarından istifadə edilməsi diqqət mərkəzində olub.
Milli və regional təhlükəsizliyin qorunması, Hörmüz boğazının idarə olunması, eləcə də qonşu ölkələrlə davamlı və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli münasibətlərin möhkəmləndirilməsi də görüşün əsas mövzuları sırasında yer alıb.
Həmçinin müharibəyə son qoymaq və “nə müharibə, nə də sülh” vəziyyətindən çıxmaq məqsədilə ölkə rəsmilərinin irəli sürdüyü şərtlərin həyata keçirilməsi yolu ilə İran xalqının və müqavimət cəbhəsinin hüquq və maraqlarının təmin edilməsinin vacibliyi qeyd olunub.
Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ölkədə müxtəlif sahələr üzrə mövcud vəziyyət və görülən işlər barədə hesabat təqdim edib.