
Ermənistanda keçirilən seçkilərdə saat 17:00-a olan məlumata görə, 1 milyon 225 min nəfər səs verib. Bu, qeydiyyatda olan seçicilərin 48 faizidir.
Primeinfo.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, ölkədə 2 milyon 505 minə yaxın seçici qeydiyyatdadır. Ekspertlər seçki məntəqələri bağlananadək seçici fəallığının 54-55 faizə çatacağını proqnozlaşdırırlar.
Rəqəmlər son illərdə keçirilən parlament seçkiləri ilə müqayisədə daha yüksəkdir. 2018-ci ildə seçici fəallığı 48,62 faiz, 2021-ci ildə isə 49,4 faiz olub.
Bununla yanaşı, bəzi ekspertlər ölkədə seçici siyahılarının reallığı tam əks etdirmədiyi barədə fikirlər səsləndirirlər. Onların fikrincə, rəsmi olaraq 2,5 milyondan çox seçicinin qeydiyyatda göstərilməsinə baxmayaraq, faktiki seçici sayı daha az – təxminən 1,8-1,9 milyon nəfər ola bilər. Lakin bu iddialar indiyədək nə hakimiyyət, nə də müxalifət tərəfindən geniş şəkildə müzakirəyə çıxarılıb.