
Aprelin 21-də Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.
Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib.
Qeyd olunub ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb: “Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.
***
10.06
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb. Məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən verilən məlumata görə, aprelin 21-də saat 14:10 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.