
Ötən gün Ümid Partiyasının sədri İqbal Ağazadə “Teleqram” hesabının kiberfırıldaqçıların hədəfinə çevrildiyini açıqlanmışdı. O, Daxili İşlər Nazirliyinə (DİN) müraciətində naməlum şəxsin onun adından kontaktında olan şəxslərə mesaj yazıb pul istədiyini qeyd etmişdi.
Primeinfo.az bildirir ki, məsələ ilə bağlı Modern.az Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, İqbal Ağazadənin uğradığı kiberfırıldaqçılıq faktı ilə bağlı məsələ artıq nəzarətə götürülüb.
“Məsələ nəzarətə götürülüb və araşdırılır”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, tanınmış jurnalist, LAF TV internet telekanalının rəhbəri Ləman Ələşrəfqızı da bu hadisədə zərərçəkənlərdən biridir. O sosial media hesabında bildirib ki, İqbal Ağazadənin adı ilə onunla əlaqə saxlanılıb və bu yolla aldadılaraq 600 manat pul vəsaiti mənimsənilib:
“Həmin şəxs İqbal Ağazadənin adı ilə “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm” yazdı. Mən də heç nə soruşmadan “baş üstə, İqbal bəy” dedim. Ardınca daha 420 manat istədi, kartımda olan 300 manatı da göndərdim. Toplam 600 AZN köçürəndən sonra həmin şəxs teleqram vasitəsilə qısa zəng etdi və daha 340 manat istədi. Yalnız onda şübhələndim. Zəng etdim, qaldırmadı. İqbal bəyin öz nömrəsinə yığanda məlum oldu ki, onun hesabı oğurlanıb və bu barədə feysbukda məlumat paylaşıb”.
