
Slovakiya 2027-ci ilin oktyabr ayından etibarən Rusiyadan qaz idxalını dayandırmalı olduğundan, ölkə nümayəndələri Azərbaycana səfər çərçivəsində təbii qazın tədarükünə dair sərfəli uzunmüddətli müqavilələrin bağlanmasına çalışırlar.
Primeinfo.az Slovakiyanın TASR agentliyinə istinadən xəbər verir ki, bunu Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova Şuşa şəhərində azərbaycanlı rəsmilərlə keçirdiyi görüşlərdən sonra bildirib.
Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrinin geniş tərkibli hökumət və biznes nümayəndə heyətinin üzvü olan Denisa Sakovanın sözlərinə görə, Azərbaycan Avropa İttifaqının bir sıra ölkələrinə təbii qazın tədarükü üzrə 5 ildən 10 ilədək müddəti əhatə edən müqavilələr təklif edir. Hazırda ölkə hasil etdiyi qazın təxminən yarısını daxili tələbat üçün istifadə edir, digər yarısını isə ixrac edir. Hasilatın artırılmasına investisiya yatırılması üçün isə uzunmüddətli müqavilələrə ehtiyac var.
Denisa Sakova deyib ki, Azərbaycan tərəfi hasilatın genişləndirilməsinə investisiya qoyuluşu üçün uzunmüddətli müqavilələrə və bu investisiyaların təminatına ehtiyac olduğunu bildirib. Nazir əlavə edib ki, bu səbəbdən çərşənbə günü Bakıda Slovakiya ilə Azərbaycan arasında uzunmüddətli qaz müqaviləsinin bağlanması imkanları müzakirə olunacaq.
Nazir qeyd edib ki, söhbət 2027-ci ildən sonra Azərbaycandan ildə təxminən 1,2 milyard kubmetr qazın tədarükündən gedir.
Denisa Sakova Slovakiya Qaz Sənayesi şirkətinin (SPP) nümayəndələri ilə birlikdə Bakıda Azərbaycanın dövlət neft-qaz şirkəti SOCAR-ın rəhbərliyi ilə görüşəcək.
Sakova Şuşada Azərbaycanın iqtisadiyyat və energetika nazirləri ilə ikitərəfli görüşlər keçirib. O, çərşənbə günü Bakıda slovakiyalı iş adamları ilə birlikdə biznes forumda da iştirak edəcək.