Xəbər axtarın

Son axtarış nəticələri:

"Bu cəhdlərin arxasında onlar dayanır" - Şeyxülislam hicab məsələsindən danışdı 

13.10.2026 17:09

"Bu cəhdlərin arxasında onlar dayanır" - Şeyxülislam hicab məsələsindən danışdı 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib.

Primeinfo.az xəbər verir ki, o, Real TV-yə müsahibəsində bu məsələni “hicab qadağası” kimi təqdim edənləri tənqid edib.

A.Paşazadə vurğulayıb ki, müzakirələrə səbəb olan qərarda hicab ifadəsi yer almır:

“Bunun adını qoyurlar hicab. Əslində, yenə də təkrar etmək istəyirəm ki, qəbul olunan qərarda “hicab” sözü yoxdur. “Məktəbli geyimi” var. Amma buna “hicab” adını qoyurlar ki, başqa dövlətlərə, insanlara, müsəlmanlara təsir göstərsin. Bu adın qoyulması da məqsədlidir”.

QMİ sədrinin sözlərinə görə, bəzi şəxslər insanların dini hisslərindən istifadə edərək onları dövlətə qarşı yönəltməyə çalışırlar.

“O insanların dinindən, mənəviyyatından istifadə edən adamlar var. Onlardan istifadə edir, dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə və dövlətin bu məsələni də həll edəcəyinə inanıram”, – o bildirib.

A.Paşazadə hicab məsələsi ətrafında aparılan müzakirələrdən dövlətə qarşı etiraz yaratmaq üçün istifadə olunduğunu bildirib: “Elə bil dövlətlə dindarlar arasında bir uçurum yaratmaq istəyirlər. Bu yoxdur. Olmayan yerdə bir şey yaratmaq istəyirlər. Bizim dindarlarımız öz dövlətini, dövlətçiliyini istəyən və onun tərəfdarı olan insanlardır”.

QMİ sədri işğal dövründə məscidlərin dağıdılmasına münasibət göstərməyənlərin indi hicab məsələsini gündəmə gətirməsini tənqid edib. O, Ağdam məscidində heyvanların saxlanılmasını əks etdirən şəkilləri dünyaya, o cümlədən müsəlman dövlətlərinə göndərdiyini xatırladıb:

“Ermənilər gəldilər, dağıtdılar, məscidləri dağıtdılar. Amma bunlar dinmədi, səs çıxarmadılar. Bu qədər məscid dağıldı, heç bir köməklik də göstərmədilər. Amma bu gün hicab məsələsini ortaya qoyaraq dövlətə qarşı etiraz yaratmaq istəyirlər”.

Allahşükür Paşazadə bu cəhdlərin arxasında müəyyən şəxslərin dayandığını söyləyib və onlara müraciət edib: “Əbəs yerə zəhmət çəkməsinlər, qarşıdurma yaratmaq istəməsinlər. Heç bir şeyə nail ola bilməzlər. Mən buna inanıram”.

QMİ sədri Azərbaycanın əldə etdiyi nailiyyətləri və vətəndaşların həyat tərzini qəbul edə bilməyən qüvvələrin olduğunu da bildirib. O, ölkənin bundan sonra da inkişaf edəcəyinə inandığını vurğulayıb.

 

Paylaş: