Türkiyə Respublikasında hərbi qulluqçularımızın iştirakı ilə keçirilən “EFES – 2026” çoxmillətli birgə müştərək təlimi davam edir. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyev təlimin keçirildiyi ərazi ilə tanış olub, təlim yerlərində yaradılan şərait və yerinə yetirilən fəaliyyətlərlə maraqlanıb. Qeyd edilib ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin bölmələri arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.
Türkiyədə keçirilən “EFES – 2026” çoxmillətli təlimi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyevlə Ege Ordusu və Qarnizon komandanı ordu generalı İrfan Özsert arasında görüş keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə ölkələrimizin iştirakı ilə keçirilən beynəlxalq təlimlərin ordularımızın döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, bu cür tədbirlər hərbi qulluqçularımızın bilik və bacarıqlarının artırılmasında, təcrübə mübadiləsinin genişləndirilməsində, eləcə də hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən “EFES – 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib. Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.