
ABŞ 344 milyon dollar həcmində İranla əlaqəli kriptovalyuta cüzdanlarını dondurub və Tehranın maliyyə əməliyyatlarını məhdudlaşdırmaq üçün tədbirləri davam etdirəcəyini açıqlayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi “İqtisadi qəzəb” kampaniyası çərçivəsində İranın vəsait toplamaq, köçürmək və ölkəyə qaytarmaq imkanlarını sistemli şəkildə məhdudlaşdırmağa davam edəcək.
“Biz Tehranın ölkədən çıxarmağa çalışdığı bütün vəsaitləri izləyəcək və rejimlə əlaqəli maliyyə kanallarını hədəfə alacağıq”, – deyə Bessent vurğulayıb.
Paralel olaraq ABŞ Maliyyə Nazirliyi İranın “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən təxminən 40 gəmiçilik şirkəti və tankerə qarşı da sanksiyalar tətbiq edib. Bundan əlavə, Çinin Dalian şəhərində yerləşən “Hengli Petrochemical” şirkətinə də İran yanacağının “qanunsuz ticarəti” ilə əlaqədar məhdudiyyətlər qoyulub.