
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında finala yüksəlib.
Primeinfo.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Ciloğluna qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıb.
O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda isə Dayyan Boulemtafesi (Fransa) məğlub etmişdi.
Bununla da Hidayət Heydərov ən azı gümüş medalı özü üçün təmin edib.
Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.
