
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” aprel ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
Primeinfo.az-a bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.
Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,57 Mb/s, mobil internetin median sürəti isə 94,64 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,41 Mb/s (18,68 %), mobil internetin sürəti isə 20,51 Mb/s (27,67 %) artıb.
Paytaxtların müqayisəsinə gəlincə isə apreldə Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 91,71 Mb/s, mobil internetin median sürəti isə 114,26 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,96 Mb/s (19,49 %), mobil internetin sürəti isə 23,63 Mb/s (26,07 %) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.