
Türkiyəli mütəxəssis İsmail Kartal növbəti dəfə “Fənərbağça” klubunun baş məşqçisi vəzifəsinə gətirilib.
Primeinfo.az xəbər verir ki, rəsmi müqavilə artıq imzalanıb.
Məşqçilik fəaliyyətinə məhz “Fənərbağça”nın akademiyasında başlayan İsmail Kartal, müxtəlif klublarda çalışdıqdan sonra “FB TV” kanalında idman şərhçisi kimi də fəaliyyət göstərib.
O, 2010-2014-cü illər arasında “Fənərbağça”da köməkçi məşqçi statusunda çalışıb. Uğurlu fəaliyyətinin ardınca, 2014-2015-ci il mövsümünün əvvəlində komandanın baş məşqçisi vəzifəsinə yüksəldilib. Kartal “sarı-lacivərdlilər”in sükanı arxasında ilk derbi qələbəsini çempionatın 8-ci həftəsində, səfərdə “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub edərək qazanıb.
Təcrübəli mütəxəssis 2023-2024-cü illər mövsümündə növbəti dəfə “Fənərbağça”nın baş məşqçisi postuna gətirilib. Onun rəhbərliyi altında komanda yaddaqalan mövsümlərdən birini keçirib. “Fənərbağça” həmin mövsümü səfər matçlarında heç bir məğlubiyyət yaşamadan və çempionatın ən çox qol vuran komandası olaraq tamamlayıb. İstanbul klubu mövsümü 99 xalla ikinci sırada başa vurduqdan sonra İsmail Kartalla yollar ayrılmışdı.