
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığının bəzi detalları açıqlanıb.
Primeinfo.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Tramp söhbət zamanı Ukraynada hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasının tərəfdarı olduğunu bildirib.
Uşakovun iddiasına əsasən, Putin Trampa Ukrayna Prezidenti Volodimir Zelenskinin Holokost faciəsini unutmamalı olduğunu deyib. Bu açıqlamanın Ukrayna millətçi hərəkatının nümayəndələrindən biri ilə bağlı son mübahisələrlə əlaqəli olduğu ehtimal edilir.
Rusiya tərəfinin məlumatına görə, Tramp həmçinin ABŞ və İran arasında danışıqların yekun mərhələyə yaxınlaşdığını, mümkün razılaşmanın artıq bu gün elan edilə biləcəyini bildirib.
Uşakovun sözlərinə görə, Tramp Ukrayna münaqişəsinin həlli məqsədilə Kiyevə və ABŞ-ın Avropadakı tərəfdaşlarına təsir göstərməyə hazır olduğunu da vurğulayıb.
Kreml daha əvvəl bildirmişdi ki, Alyaskada keçirilən görüş zamanı Tramp və Putin Ukrayna müharibəsinin Donbasdan Ukrayna qoşunlarının çıxarılması ilə başa çatması məsələsini müzakirə ediblər. Bununla belə, bu barədə ABŞ tərəfindən rəsmi təsdiq verilməyib.
Məlumata görə, tərəflər ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın vaxtlarda Rusiyaya səfər etməsi barədə də razılığa gəliblər.
Yuri Uşakov qeyd edib ki, Tramp və Putin arasında telefon danışığı ümumilikdə 55 dəqiqə davam edib.