
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ötən cümə günü keçirilən müşavirədə Vaşinqton tərəfindən hərbi əməliyyatların intensivləşdirilməsi ehtimalı səbəbindən İranda münaqişənin eskalasiyası ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Primeinfo.az xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən CNN məlumat yayıb.
Qeyd olunub ki, Keyn cümə günü ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində ABŞ arsenallarının vəziyyəti və digər mənfi fəsadlarla bağlı xüsusi narahatlıqlarını bildirib.
“Silah ehtiyatları ilə bağlı problem müşavirədə Trampa bildirilən əsas məsələlərdən biri idi”, – telekanal qeyd edib.
Daha əvvəl CNN xəbər vermişdi ki, ABŞ-də əsas silah ehtiyatları əhəmiyyətli dərəcədə tükənib və İrana qarşı zərbələr davam edərsə, daha çox təzyiqə məruz qala bilər. Bir neçə mənbənin sözlərinə görə, Trampın yaxın ətrafında və ya Pentaqonda çox az adam prezidentin təklif etdiyi eskalasiya variantlarının arzuolunan nəticəni verəcəyinə inanır.
Müşavirədən sonra Tramp jurnalistlərə deyib ki, ABŞ hakimiyyəti İranla fəal şəkildə danışıqlar aparır, eyni zamanda, İslam Respublikasına daha güclü zərbələrin endirilməsini də mümkün hesab edib. Bununla yanaşı, vəziyyətlə tanış olan mənbənin sözlərinə əsasən, o, şəxsi qaydada öz nümayəndələrinə “danışıqları davam etdirmək” barədə göstəriş verib. Bu, prezidentin ABŞ qoşunlarının düşmən ərazisinə yeridilməsini nəzərdə tutmayan məhdud hərbi əməliyyatlar reallığı ilə üzləşdiyini göstərir.
Həmçinin ötən gün məlum olub ki, ABŞ təxminən iki həftəlik davamlı zərbələrdən sonra İranı bombardman etməyi dayandırıb.