
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, son dünya çempionu Argentina millisi Misirlə üz-üzə gəlib. Atlanta stadionunda oynanılan görüş argentinalıların 3:2 hesablı qələbəsi ilə bitib.
Qarşılaşmada hesabı Misir millisi açıb.
Yasser İbrahim 15-ci dəqiqədə komandasını önə çıxarıb. İkinci hissədə Mustafa Ziko (67) fərqlənərək Misirin üstünlüyünü artırıb. Argentina isə Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandesin (90+3) qolları sayəsində əzmkar qələbə qazanıb.
İyulun 8-nə keçən gecə İsveçrə millisi Kolumbiya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. Vankuver şəhərində yerləşən “BC Place” stadionunda keçiriləcək qarşılaşma saat 00:00-da start götürəcək. Bununla da 1/4 finalın sonuncu cütlüyü bəlli olacaq.
Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya və Belçika milli komandaları 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.