Xəbər axtarın

Son axtarış nəticələri:

İbrahim Nəbioğlunun Türkiyədəki azərbaycanlı həkimlərlə bağlı qaldırdığı məsələ qanun layihəsindən ÇIXARILDI

30.07.2026 12:20

İbrahim Nəbioğlunun Türkiyədəki azərbaycanlı həkimlərlə bağlı qaldırdığı məsələ qanun layihəsindən ÇIXARILDI

Azərbaycanın Türkiyədəki keçmiş konsulu, tanınmış jurnalist İbrahim Nəbioğlu bir müddət öncə sosial şəbəkədə qardaş ölkənin müxtəlif xəstəxana və tibb müəssisələrində uzmanlıq təhsili alan azərbaycanlı asistan həkimlərin problemini işıqlandırmışdı. Bildirmişdi ki, Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsinə dair Qanun Təklifi”nin 1-ci maddəsi qəbul olunarsa, həkimlərin sosial vəziyyəti daha da ağırlaşacaq. 

Primeinfo.az xəbər verir ki, İbrahim Nəbioğlunun bu müraciəti müsbət həllini tapıb.

O, bununla bağlı özünün “Facebook” sosial şəbəkə hesabında paylaşım edib:

“Xeyli müddətdir ki, Türkiyədə çalışan azərbaycanlı həkimlərlə bağlı məsələ böyük narahatlıqla izlənirdi. Bəli, kimiləri sadəcə izləyir, kimiləri minlərlə ağıllı, çalışqan və idealist həkimin qarşılaşdığı problemə kömək üçün əlindən gələn dəstək və yardımı əsirgəmirdi.

Dəfələrlə yazdığım kimi, məsələ yalnız maddi məsələ deyildi, illərdir bu ölkənin səhiyyə sistemində çalışan insanların gələcəyi və əməyinin dəyərləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyırdı.

Bu müddət ərzində Türkiyədə çalışan digər ölkələrin vətəndaşı olan xarici həkimlər də problemin həlli üçün böyük səy göstərdilər. Məqsəd bir idi — Türkiyə parlamentində qəbul olunacaq qərarın doğura biləcəyi nəticələri aidiyyəti şəxslərə çatdırmaq və məsələnin doğru qiymətləndirilməsinə yardım etmək.

Bu prosesdə Azərbaycan tərəfinin dəstəyi ilə Türkiyə Böyük Millət Məclisinin bir sıra millət vəkilləri ilə görüşlər təşkil olundu. Görüşlər zamanı həkimlər böyük hörmətlə qarşılandılar, onlara problemi ətraflı şəkildə izah etməyə imkanı yaradıldı. Bəzi millət vəkilləri həkimləri nahar süfrəsində qəbul edərək mövzunu daha geniş müzakirə etdilər. Bu görüşlərdə səsləndirilən fikirlər yalnız bir qrupun deyil, Türkiyədə çalışan bütün xarici həkimlərin ortaq narahatlığını əks etdirirdi.

Nəhayət ki, sevindirici xəbər gəldi.

Parlament komissiyasından keçməsinə baxmayaraq, məsələ Türkiyə Böyük Millət Məclisində yenidən dəyərləndirildi və xarici uyruklu tibb ixtisası tələbələrinə aid mübahisəli maddə torba qanun layihəsindən tamamilə çıxarıldı.

Bu qərar minlərlə həkim və onların ailələri üçün böyük sevinc və rahatlıq yaratdı.

Bu münasibətlə Türkiyədə çalışan bütün xarici uyruklu həkimləri və onların yaxınlarını ürəkdən təbrik edir, gözaydınlığı verirəm.
Bir problemi həll etmək üçün ən vacib addımlardan biri insanı dinləməkdir. Bu proses göstərdi ki, qarşılıqlı dialoq və anlayış sayəsində ən çətin görünən məsələlər belə yenidən dəyərləndirilə və ədalətli nəticəyə gətirib çıxara bilər.

Və ən böyük gözaydınlığını bu özəl gəncləri böyüdən, yetişdirən valideynlərə verirəm!”

Paylaş: