Xəbər axtarın

Son axtarış nəticələri:

Türk Dünyasında Ortaq Dil Problemi: Tarixi Təcrübə və Müasir Perspektivlər

03.07.2026 11:58

Türk Dünyasında Ortaq Dil Problemi: Tarixi Təcrübə və Müasir Perspektivlər

İsmayıl Qaspıralıdan Atatürkə, Atatürkdən Türk Dünyasına: Ortaq Türk Dili İdeyasının Tarixi Zərurəti

Türk dünyasında ortaq dil məsələsi XIX əsrin sonlarından etibarən siyasi, mədəni və elmi müzakirələrin əsas mövzularından biri olmuşdur. Aradan bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, türk xalqları arasında ortaq ünsiyyət dili hələ də tam formalaşmamışdır. Halbuki müxtəlif hesablamalara görə, türk dillərində danışanların sayı 300 milyondan artıqdır. Bu fakt göstərir ki, problemin mahiyyəti dil fərqlərindən deyil, ortaq dil siyasətinin olmamasından qaynaqlanır.

Türk dünyasında dil birliyi ideyasının ilk böyük nəzəriyyəçisi İsmayıl Qaspıralı olmuşdur. Onun məşhur “Dildə, fikirdə, işdə birlik” prinsipi ortaq dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də ortaq milli şüurun və mədəni inteqrasiyanın əsası olduğunu göstərirdi. XX əsrdə isə bu ideyanı praktik dövlət siyasətinə çevirən şəxs Mustafa Kamal Atatürk oldu.

Atatürkün dil siyasəti: milli dövlət quruculuğunun uğurlu modeli

Atatürk dili milli dövlətin əsas sütunlarından biri hesab edirdi. Onun “Türk dili, Türk millətinin qəlbidir, zehnidir” və “Türk milləti dilini də yad dillərin boyunduruğundan qurtarmalıdır” fikirləri dilin yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin və dövlətçiliyin əsas dayaqlarından biri olduğunu göstərir.

1928-ci il əlifba islahatı, 1932-ci ildə Türk Dil Qurumunun yaradılması, İstanbul türkcəsinin yazı və təhsil dili kimi əsas götürülməsi, eləcə də elmi terminologiyanın milliləşdirilməsi qısa müddətdə Türkiyədə vahid dil mühitinin formalaşmasına imkan verdi. Atatürk bununla sübut etdi ki, dil islahatının uğuru ilk növbədə siyasi iradədən, elmi planlaşdırmadan və dövlət dəstəyindən asılıdır.

Atatürk ərəb və fars mənşəli sözlərin yerinə türk sözlərinin işlədilməsini təşviq etməklə yanaşı, xalqın danışıq dili ilə yazı dili arasındakı fərqi aradan qaldırmağa çalışdı. İstanbul türkcəsinin əsas götürülməsi təsadüfi deyildi. Bu dil əsrlər boyu dövlət idarəçiliyinin, elm və ədəbiyyatın mərkəzi olmuş, zəngin ədəbi ənənə formalaşdırmış və geniş ünsiyyət imkanları qazanmışdı.

Türk Dünyasında Ortaq Dil Problemi: Tarixi Təcrübə və Müasir Perspektivlər

XXI əsrdə türk dünyası üçün strateji model

Bu gün türk dünyası Atatürkün tətbiq etdiyi modeldən mühüm nəticələr çıxara bilər. Burada məqsəd heç bir xalqın milli dilini əvəz etmək deyil. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türk dövlətləri öz milli ədəbi dillərini tam şəkildə qorumaqla yanaşı, ümumtürk ünsiyyət dili kimi ortaq standartın tədrisini həyata keçirə bilərlər.

Praktik baxımdan sıfırdan yeni ortaq dil yaratmaq həm elmi, həm də təşkilati baxımdan səmərəli görünmür. Mövcud standartlardan istifadə daha rasional yanaşmadır. Bu baxımdan İstanbul türkcəsi bir sıra obyektiv üstünlüklərə malikdir. Müasir türk dünyasında ən geniş televiziya, kino, nəşriyyat, ali təhsil, elmi və rəqəmsal informasiya resurslarının əhəmiyyətli hissəsi bu dildə fəaliyyət göstərir. Nəticədə milyonlarla türk artıq bu dili müəyyən səviyyədə anlayır. Bu reallıq onu ortaq ünsiyyət dili kimi nəzərdən keçirməyə əsas verən mühüm amillərdən biridir.

Lakin belə model yalnız dil seçimi ilə məhdudlaşmamalıdır. Ortaq əlifba, vahid terminologiya, ümumtürk dərslikləri, akademik əməkdaşlıq, ortaq media məkanı və tələbə mübadiləsi proqramları eyni strategiyanın tərkib hissəsi olmalıdır. Əks halda, ortaq əlifba belə praktik nəticə verməyəcək.

Nəticə

Türk dünyasında ortaq dil probleminin əsas səbəbi linqvistik deyil, siyasi xarakter daşıyır. Türk dillərinin qrammatik yaxınlığı və ortaq leksik bazası bu inteqrasiya üçün kifayət qədər möhkəm zəmin yaradır. Həlledici amil isə dövlətlərin uzunmüddətli və koordinasiyalı dil siyasətidir.

İsmayıl Qaspıralının nəzəriyyəsi və Atatürkün praktik islahatları göstərir ki, ortaq dil milli birliyi zəiflədən deyil, əksinə, gücləndirən strateji vasitədir. XXI əsrdə türk dünyasının qarşısında duran əsas vəzifə bu tarixi təcrübəni yeni geosiyasi şəraitə uyğun şəkildə tətbiq etməkdir. Bu baxımdan ortaq ünsiyyət dilinin mərhələli şəkildə formalaşdırılması təkcə dil siyasəti deyil, həm də türk dövlətləri arasında elmi, iqtisadi, mədəni və siyasi inteqrasiyanın mühüm şərtlərindən biri kimi qiymətləndirilməlidir.

Səftər Rəhimli, hüquq elmləri doktoru

Paylaş: