
İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 456 049 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 63 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
